«Amnisti internəşnl»dən kampaniya çağırışı

12.01.2007. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnisti İnternəşnl» beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda jurnalistlərin oğurlanması və hücumlara məruz qalması faktlarına cəlb etmə kampaniyasına başlayıb.
«Turan»ın məlumatına görə, təşkilatın press-relizində Azərbaycanda jurnalistlərə qarşı cinayət törədənlərin cəzasız qalmasından narahatlıq ifadə edilir və bunun artıq uzun müddətdir davam etdiyi qeyd edilir.
Misal olaraq «Azadlıq» qəzetinin müxbiri Nicat Hüseynovun, Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucovun küçədə hücuma məruz qalmaları göstərilir. Təşkilat həmçinin «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlinin, «Azadlığın» əməkdaşı Fikrət Hüseynlinin, «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyevin oğurlanması və döyülməsinin üstünün açılmadığını xatırladır. «Qeyd edilən şəxslərin hamısı müxalif siyasi baxışlara malikdir və hakimiyyətin siyasətini tənqid edirlər. Bu cinayətlərin günahkarlarının aşkar edilməsinin və istintaqının iflasa uğraması Azərbaycan hakimiyyətinin söz azadlığının təmin edilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında olmadığını göstərir, cəzasızlıq və özünü sensura atmosferinə səbəb olur» deyə press-relizdə qeyd olunur.
«Amnisti İnternəşnl» rəsmi Bakıdan bütün bu cinayətlərin açılması və günahkarların məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz və zəruri tədbirlər görməyi tələb edir. Bununla əlaqədar, təşkilat beynəlxalq strukturları və vətəndaşları dövlət başçısı İlham Əliyevin, baş prokurorun, daxili işlər nazirlinin, Nəsimi rayon 19-cu polis bölməsinin, xarici işlər nazirinin və ombudsmanın elektron ünvanına və faksına etiraz məktublarını göndərməyə çağırır.


Hiç yorum yok:
Yorum Gönder