12.01.2007

“Hyuman rayts votç”: Azərbaycanda vəziyyət daha da pisləşib


12.01.2007. «Hyuman Rayts Votç» (Human Rights Watch) beynəlxalq hüquq müdafiə təşkilatı 2006-cı ilin nəticələri ilə bağlı illik hesabatını açıqlayıb.
«Dünya hesabatı 2007» adlanan sənədin giriş hissəsində dünyada insan haqlarına və demokratiyaya münasibətin pisləşdiyi, ABŞ-ın bu sahədə dünyaya təsirinin azaldığı qeyd edilir.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, əvvəlki kimi polisdə işgəncələr, siyasi motivlərlə həbslər olub. KİV azadlığı sahəsində vəziyyət də dəyişməz qalıb. Jurnalistlərin həbs və təqib olunması davam edib. Beynəlxalq birliyin bir sıra subyektləri Azərbaycanı insan haqlarının pozulmasına görə açıq şəkildə tənqid edib.
Daha sonra hesabatda bildirilir ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində dövlət çevrilişi ittihamı ilə həbs edilmiş onlarca yüksək dövlət məmuru 2006-ci ili həbsxanada keçirib. Həmin keçmiş məmurlar sırasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adı xüsusilə qeyd edilir. F.Əliyevin ona qarşı təzyiqlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiyi xatırladılır.
Hesabatda məhkəmənin «Yeni Fikir» Gənclər Hərəkatının rəhbərləri Ruslan Bəşirli, Ramin Tağıyev və Səid Nuriyə çıxardığı hökmlərə, Demokrat Partiyası sədrinin müavini Natiq Əfəndiyevin həbsinə də toxunulur.
«Dünya hesabatı 2007»də yazılana görə, 2006-cı il Azərbaycanda əvvəlki kimi işgəncələrin geniş yayıldığı il olub. Polisin tutub saxladığı adamlardan ikisinin polis bölməsində öldüyü (Namiq Məmmədov aprelin 2-də, Rasim Əlişov iyulun 25-də dünyasını dəyişib), Qobustan həbsxanasında isə üç nəfərin intihar etdiyi vurğulanır.
Hesabatda jurnalistlərin döyülməsi, həbs olunması, qəzetlərin fəaliyyətini dayandırması faktlarına xüsusi yer ayrılır. Bildirilir ki, «Azadlıq» qəzetinin əməkdaşı Fitkrət Hüseynli, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev döyülüb, «Ayna-Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovun diktofon və noutbuku əlindən alınıb, «Azadlıq» qəzetinin əməkdaşı, jurnalist-satirik Mirzə Sakit həbs olunub və ona 3 il iş verilib. Eynulla Fətullayevin təsisçisi olduğu «Gündəlik Azərbaycan», «Realnı Azerbaydjan» və «Azerbaydjan v mire» nəşrlərinin oktyabrın əvvəlində fəaliyyətini dayandırması, Hacı Məmmədovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini öz üzərinə götürməsi və qətli Fərhad Əliyevin sifarişi ilə icra etdiyini deməsi də hesabatda öz əksini tapıb.
«Hyuman Rayts Votç» İctimai Televiziyanın hökumətyönlü televiziyalardan fərqlənmədiyini, eyni zamanda bu kanalın hakimiyyəti çox tənqid edəcəyi təqdirdə bağlanmaq təhlükəsi ilə üzləşə biləcəyini qeyd edir.

Daha sonra «Turan» agentliyinin, «Azadlıq» və «Bizim yol» qəzetlərinin Xaqani, 33 ünvanındakı binadan çıxarılmasından, Milli Teleradio Şurasının ANS-in yayım lisenziyasını uzatmaqdan imtina etməsindən söz açılır. ANS televiziyasının iyun ayında bir neçə əməkdaşının həbs edildiyi, kanalın vergi yoxlamaları ilə üzləşdiyi də bildirilir.
Azərbaycanın 2006-cı il mayın 9-da BMT İnsan Haqları Şurasına qəbul olunduğunu xatırladan «Hyuman Ratys Votç» ABŞ-ın Azərbaycandakı səfirliyinin və ATƏT-in Bakı ofisinin ölkədə insan haqlarının pozulması ilə bağlı dəfələrlə bəyanat verdiyini vurğulayır.

Hiç yorum yok: