MÜXALİFƏT ÜÇÜN TARİF
Zamin Hacı
24.01.2007. Srağagün axşam mən İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsindəki çıxışına diqqətlə qulaq asdım və nəhayət öyrəndim ki, ölkədə qiymətləri qaldıran, bahalaşmaya, inflyasiyaya səbəb olan düşmən qüvvə kimlərdən ibarətmiş. Doğrudur, İlham bəyin haqlı olaraq qeyd etdiyi kimi “müxalifətin siyasəti Azərbaycanda bütövlükdə iflasa uğrayıb və bu, artıq ictimai-siyasi həyatın amili deyildir”, ancaq görükür müxalifət son nəfəsində bu xalqa zidd bahaçılığı yarada bilibdir.Dünən Eldar Mahmudov yoldaşla zəngləşdik (“vızov” atdım, özü zəng vurdu, əslində - konturumun qurtardığını hamıdan yaxşı bilir). Onun cəsur çekistlərinin köməyi ilə müxalifətin qiymət artımı toplantısının sənədləri hazırda masamın üstündədir. Dəhşətdir! Oxuduqca, yalan olmasın, başımın tükləri biz-biz durur, ətim ürpəşir.Demək, yanvarın 7-dən 8-nə keçən gecə İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn Bakı-Gəncə yolunun üstündə, Kürdəmir rayonu ərazisindəki “Bığ” restoranında məxfi toplantı keçirdiblər. Sonradan Rəsul Quliyev də “vızov” verib, toplantıya ABŞ-dan telefonla qoşulubdur. Əməliyyat məlumatına görə, əhvalat lap dəqiqi gecə saat 2-3 radələrində olubdur.Əvvəlcə İsa bəy çıxış edib, deyib ki, təcili benzinin, işığın, suyun, qazın qiymətini qaldırmalıyıq. Guya ki, xalqa pis olanda bunlara daha yaxşı olur (İlham bəy demişkən). Bu vaxt Pənah Hüseyn etiraz edib: “Sabirabadda bir çox seçicimin işıq pulunu mən özüm verirəm, indən sonra necə olacaq?” Əli Kərimli deyib ki, bunun bizə dəxli yoxdur, ona qalsa bizim partiyanın da qərargahını tutublar. Mirmahmud ağa “cəddim köməyiniz olsun” deyib, qiymət artımına səs verib. Sərdar Cəlaloğlu Rəsul Quliyevlə məsləhətləşib, ikinci söyləyib ki, gərək Azərbaycanda benzin ABŞ-dan baha olsun: “Bədbax amerikalılar bizim Azərbaycanın daha sürətli inkişaf elədiyini görməlidir”. Hələ onu da deyib ki, əgər benzin ABŞ-dakından baha olsa, bizim tam haqqımız var, gedib yankiləri İraqdan qovaq, oranı özümüz işğal eləyək.Bax, bu cür bir az da beynəlxalq söhbətlər edib, qiymətləri qaldırıblar.Əgər möhtərəm dövlət başçısı İsveçrədən tezcənə qayıdıb müəllim, həkim və pensiyaverənlərin əməkhaqqısının baza hissəsini 25 faiz artırmasaydı, batıb-qırılacaqdıq. İlahi, sən özün ona həmişə xizək sürməyə qəşəng qar bəxş elə! Amin, ya rəbbülaləmin!Yenə İlham bəydən sitat gətirək: “Müxalifət bir dəfə hansısa vətəndaşın problemilə məşğul olub, kömək edib? Yox!” Həqiqətən, Müsavat Partiyası niyə körpü tikmir? Nə üçün ordu saxlamır, polisə maaş, əlilə pensiya vermir? Xəstəxana, məktəb tikmir? Bu, AXCP-yə, ADP və sairəyə də aiddir. Bəyəm, məsələn, “Azadlıq” bloku heç olmazsa Çevik Polis Alayını himayəyə götürə bilməz? Əlbəttə bilər, ancaq bunlar eyzən xalqa ziyan vurmaq, gizlicə qiymət qaldırmaq haqda düşünürlər.Nəhayət, onu da qeyd edim ki, dövlət başçısı qəzəbinin şirin yerində müxalifət partiyalarını açıq-aşkar mitinqlər keçirtməyə dəvət etdi. Sitat: “Düşün meydanlara, haradasız siz?” Gözəl çağırışdır. İndi görüm Hacıbala Abutalıbov müxalifətin 26 və 28 yanvar mitinqlərinə necə icazə verməyəcək...



Hiç yorum yok:
Yorum Gönder