18.01.2007

Gəncədə etiraz mitinqi keçiriləcək

18.01.2007. Bunun üçün bir qrup QHT artıq Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinq Tarif Şurasının enerji daşayıcılarının, kommunal və bir sıra xidmətlərin qiymətlərinin artırılmasına etiraz olaraq keçiriləcək.
Bu haqda Helsinki Vətəndaş Assambleyasının Gəncə şəhər nümayəndəliyinin rəhbəri Akifə Əliyeva məlumat verb. Onun sözlərinə görə, 500-dək insanın iştirakı gözlənilən mitinqin keçirilməsi yanvarın 24-nə plaşdırılıb. Belə ki, təşkilatın təşəbbüsü ilə yanvarın 13-də Gəncə şəhərində fəaliyyət göstərən bir qrup QHT nümayəndələrinin iştirakı ilə toplantı təşkil olunub. Burada Tarif Şurasının enerji, kommunal və bir sıra xidmətlərin qiymətlərinin artırılması haqda qərarının əhalinin sosial güzəranına çox ciddi təsir edəcəyi vurğulanıb. Buna etiraz əlaməti olaraq yığıncaq iştirakçıları ölkə başçısına müraciət imzalayıb, həmçinin bununla bağlı mitinq keçirilməsi üçün şəhər İcra Hakimiyyətinə məktub yolanılıb. İcra aparatının İctimai Təşkilatlarla və Siyasi Partiyalarla İş Bölməsinin baş məsləhətçisi Ruslan Qardaşov məktubun alındığını və hələlik mitinqin keçirilməsinə dair müzakirələr aparıldığını bildirdi: «Hələlik bu müraciətə baxılır və qanun çərçivəsində məsələ həll olunacaq».Qeyd edək ki, etirazçılar mitinqin keçiriləcəyi yerə dair İcra Hakimiyyətinə 3 ərazi təklif ediblər. Onlardan biri mərkəzi Heydər Əliyev meydanıdır.

Hiç yorum yok: