AzTV-nin Dibdəhnədən reportajı
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!
Rəşadət Axundov xəbər verir:
17.01.2007. Bu gün Dibdəhnə kənd sakinləri kənd klubunda yığışaraq Bəxtiyar Hacıyevin həbsdən azad olunmasına öz münasibətlərini bildirmişlər.
Bu işdə öz həyatını risqə ataraq böyük fədakarlıqlar göstərdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və İRƏLİ Ümumrespublika Gənclər Hərakatına kənd camaatı öz dərin təşəkkürünü
bildirmişdir. İclasda çıxış edən natiqlər sözügedən qurumların fəaliyyətini yüksək qiymətləndirmiş həmçinin respublikamızda 1993-cü ildən sonra yaranmış sabitlik, iqtisadi inkişaf, dövlətçiliyin möhkəmləndirilməsi prosesinin bundan sonra daha böyük uğurla həyata
keçirilməsinə öz dərin inamlarını bildirmişlər. Çıxış edən kənd ağsaqqalı Cəlal kişi Bəxtiyarın 2 gün içində həbs edilməsi, ona hökm oxunması, qərarın icra edilməsi və onun həbsdən azad edilməsini hüquq-mühafizə orqanlarımızın operativ işləməsinin bariz nümunəsi
olduğunu bildirmiş və bununla bu orqanların dövlətçiliyimizə qarşı yönəlmiş istənilən hərəkətin qarşısını vaxtında alacağını göstərdiyini ifadə etmişdir. Kəndin birçəyi Tamam nənə Ramin Hacılı, Emin Milli, Təbriz Cabbarov kimi ünsürlərin bu işdən öz məqsədləri üçün istifadə etdiyinə görə bütün ictimaiyyət adından bu şəxslərin qınanmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmış, onları daxili və xarici düşmənlərimizin dəyirmanına su tökməkdə ittiham etmiş, bu şəxslərin evlərinə yumurtayla silahlanmış zəhmətkeş yürüşlərinin təşkil edilməsinin də hər bir şəxsin bir vətəndaşlıq borcu olduğunu bəyan etmişdir. Bu məsələnin siyasiləşdirilməsi kənd camaatə tərəfindən kəskin nifrətlə qarşılanmış və bunun əslində məişət zəminində baş vermiş bir hadisə olduğu vurğulanmışdır.
Sonda tədbir iştirakşıları adından ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə məktub ünvanlanmış, məktubda kənd sakinləri bir daha bu kursun dönməzliyinə öz inamlarını ifadə etmiş, prezidentin daxili və xarici siyasətini dəstəklədiyini bildirmiş və dövlətçiliyimizə qarşı çıxan hər bir şəxsin zərərsizləşdirilməsində hər zaman prezidentin, eləcə də hüquq-mühafizə orqanlarının yanında olduqlarını vurğulamışlar.
Bakı – Dibdəhnə - Bakı
AzTV, Xalq Qəzeti, Respublika, Səs, İki Sahil…
Hiç yorum yok:
Yorum Gönder