12.01.2007

Bu gün iqtidar geri çəkilə bilər


İlham Əliyev bir neçə məmurunu qurban verəcək
Dövlət başçısının istirahətini yarımçıq qoyub, Bakıya qayıtması xəbəri yayıldı


12.01.2007. Son bahalaşma qərarı mövcud hakimiyyətə baha başa gələ bilər. Cəmiyyətdə gün-gündən artan narazılıq, yüksələn gərginlik və bu fonda əyalətlərdə, o cümlədən də paytaxtda baş verən etiraz aksiyaları iqtidarı ciddi şəkildə əndişələndirib. “Hakimiyyət cəmiyyətdəki prosesi həssaslıq və narahatlıqla izləyir, yaranmış gərginliyin sosial partlayışa keçə bilməsi ehtimallarını ciddi qəbul edir. Belə bir ehtimal qarşısında necə və nə qədər geri çəkilmək variantları ən yuxarı səviyyədə müzakirə olunmaqdadır”.
Bu sözləri hakimiyyət düşərgəsinə yaxın olan siyasi ekspertlərdən biri qəzetimizə deyib.
Ekspertin məlumatına və müşahidələrinə görə, iqtidar qiymət qaldırma siyasətinin tamamilə iflasa uğradığını artıq qəbul edib. Son illərdə ilk dəfədir ki, hökumətin atdığı hansısa addımı ideologiyalaşdıra, əsaslandıra və ən əsası, olduqca sərt tənqidlərdən müdafiə edə bilmirlər. Digər tərəfdən, rejim qərarda göstərilməyən gündəlik tələbat mallarının, yeyinti və tikinti-sənaye məhsullarının, trikotaj mallarının sürətli bahalaşmasının qarşısını almaqda acizdir. Bahalaşma prosesinin bu cür vüsət alacağı və bütün sahələri belə tezliklə əhatə edəcəyi gözlənilmirdi. Bu səbəbdən də ictimai narazılıq və etiraz reaksiyaları proqnozlaşdırılandan daha yüksək oldu. Üstəlik, demək olar ki, iflas həddinə çatmış və daxili qarşıdurmalardan tamamən zəifləmiş demokratik düşərgəyə, siyasi müxalifətə dirçəlmək, mövcudluğunu büruzə vermək və narazı cəmiyyətlə əl-ələ tutmaq şansı verildi. İqtidar bir günün içərisində cəmiyyətdə öz xeyrinə yaratdığı balansı itirdi, böyük çətinliklər sayəsində əhalinin müəyyən təbəqəsinin rəyində populyarlaşdıra bildiyi rəhbərinin reytinqini sıfırladı və onu xalqın hədəfinə çevirdi.
İlham Əliyevin siyasi rəqibləri göydəndüşmə bir üstünlük və fürsət qazandılar. Hətta bu fürsətdən uğurlu şəkildə istifadə edə bilməsələr də, situasiya artıq geridönməz şəkildə onların xeyrinə işləməyə başlayıb. Hakimiyyətin 14 illik neft siyasəti, təbliğatı və vədləri tamamilə iflasa uğrayıb! İnsanlar bir daha anladılar və inandılar ki, onları neft vədləri ilə aldadıblar, neft dollarları ölkəyə daxil olduqca, vətəndaşların vəziyyətləri daha da pisləşir və bu vəziyyət heç vaxt dəyişməyəcək! Bu baxımdan indi çox az adam tapılar ki, səmimi şəkildə bu hakimiyyətin qalmasında və möhkəmlənməsində maraqlı olsun.
Xüsusilə də benzinin və işığın qiymətləri o dərəcdə naşı və kobud qaldırıldı ki, hər bir vətəndaş özünə olan sayğısızlığı duydu, cibinə oğru əli girən adamın reaksiyasını yaşadı. Bütün ölkə coğrafiyası boyunca, hər evdə, hər müəssisədə, küçədə, avtobusda, metroda, bazarda mövcud hakimiyyət eninə-uzununa tənqid olunur, küfr edilir.
Bəzi ekspertlər deyirlər ki, etirazlar yoxdur, duyulmur, görünmür! Bəs, hər gün gördüyünüz, eşitdiyiniz nədir? Üsyan belə başlayır. Bütün ölkə indi etiraz meydanıdır! Və hakimiyyət bunun fərqindədir. Həmçinin, prosesin haraya apardığını da fərq etməmiş deyil.
Ona görə də, yuxarıda hakimiyyətyönümlü ekspert dostumuzun qeyd etdiyi kimi, iqtidardakılar geri çəkilmək variantı və məsafəsi üzərində müzakirələrə başlayıb.
Qəzetimizə danışmağa razılaşan həmin ekspertin bildirdiyinə görə, yaranmış vəziyyətdən narahat olan dövlət başsıçı İlham Əliyev istirahətini yarımçıq qoyaraq, dünən axşam saatlarında Bakıya qayıdıb. Bu xəbəri ikinci mənbədən dəqiqləşdirə bilmədiyimiz üçün, doğruluğuna zəmanət verə bilmərik. Lakin siyasi rəhbərliyin bahalaşmadan sonra ölkədə yaranmış situasiyadan ciddi narahat olduğunu və onu dəyşmək üçün yeganə variant kimi geri çəkilmək ehtiyacı yarandığını qəbul etdiyini təsdiqləyə bilmişik.
Fikir verirsinizsə, bahalaşma siyasəti ilə bağlı indiyə qədər də hakimiyyətin siyasi elitasına daxil olan heç bir məmur fikir bildirməyib. Hətta indi “günah keçisi” qismində qalan Tarif Şurasının rəhbəri də bu barədə müdafiə mövqeyindən heç nə danışmayıb. Çünki hamı yanlış yapıldığını bilir və geriyə addım atılacağı ehtimalını qəbul edir.
Variantlardan biri və ən əsası kimi Tarif Şurasının və hökumətin özbaşına addım ataraq, qiymətləri dövlət başçısının müəyyənləşdirdiyindən iki dəfə artıq qaldırdığını bəyan etmək və buna görə də TŞ rəhbərlərinin cəzalandırılmasını təmin etmək olaraq, nəzərdən keçirilir.
Hakimiyyətdəki mənbələrə görə, istirahətini yarımçıq qoyub, Bakıya dönən İlham Əliyevin bu gün hadisələrə reaksiya verəcəyi, işığın və benzinin qiymətlərini indiki vəziyyətlə müqayisədə 50 faiz endirdiyini elan edəcəyi gözlənilir.
Yazımızın son abzasına da hakimiyyətə yaxın olan ekspertin rəyini vermək fikrindəyik: “Hakimiyyətdəki ağıllı adamlar qeyd edirlər ki, iki illik əziyyətlərinin və bu müddətdə gördükləri işlərin üstündən xətt çəkilib. Hamı fərqindədir ki, bu dəfə gerçəkdən də xalqın özü qəzəblənib və o, indi heç müxalifətin işarələrini də gözləmir. Bu təhlükəli vəziyyəti təcili şəkildə dəyişdirməsələr, vəziyyət onları dəyişdirəcək. İlham Əliyev dönüb, bəyanat verərək, qiymətləri nisbətən endirsə, özü vəziyyətdən çıxacaq. Ancaq gərək mütləq “günah keçisi” tapsın və bir neçə məmurunu qurban versin. Tamamilə mümkündür ki, iqtisadi inkişaf naziri Heydər Babayev işdən çıxarılsın və İngiltərəyə səfir göndərilsin. Varlığı ilə yoxluğu arasında heç bir fərq olmayan baş nazir Artur Rəsizadənin də təqaüdə yola salınacağı tamamilə mümkün görünür..."
Başqa bir mənbədənsə qəzetimizə bildirdilər ki, son bahalaşma qərarı və məlum qiymətlər şəxsən İlham Əliyevin öz siyasətidir və geri çəkilmək fikri yoxdur. O, bunu ona görə qəfildən və indi etdi ki, qarşıdakı illər seçki müddəti sayılır və bu səbəbdən də iki il ərzində qiymətləri qaldırmaq mümkün olmayacaq.
İstənilən halda, qarşıdakı günlərdə ölkəni gərgin və maraqlı hadisələr gözləyir.

"Yeni Müsavat"

Hiç yorum yok: