15.01.2007

Hakim Bəxtiyar Hacıyevin həbsinə aydınlıq gətirdi

15.01.2007.www.susmayaq.biz saytının təsisçilərindən biri Bəxtiyar Hacıyev İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi: polisə tabe olmamağa görə, həbs olunub. Bu barədə həmin prosesə sədrlik edən Nərimanov Rayon Məhkəməsinin hakimi Mehparə Əhmədova məlumat verib. Hakim Bəxtiyar Hacıyevin polisə nə üçün tabe olmadığı barədə informasiya verməyib. Xanım Əhmədova yalnız məsələni siyasiləşdirməyə ehtiyac olmadığını deyib.

Ancaq, Bəxtiyar Hacıyevin müdafiə komitəsinin sədri Ramin Hacılı iddia edir ki, həbs məhz www.susmayaq.biz saytına görədir: «Sayt bağlanandan sonra Bəxtiyar ona zənglər olunduğunu və hətta həbslə hədələndiyini deyirdi».

Bəxtiyar Hacıyev yanvarın 13-ü axşam saatlarında həbs olunub. Ertəsi gün – yanvarın 14-də isə o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilib.

www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə yanvarın 8-də verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Amma, bir gün sonra – yanvarın 9-da Hollandiyadan idarə olunan bu sayta Azərbaycandan giriş bağlandı.

Bəxtiyar Hacıyev bu kampaniyadan əvvəl də «Təhsildə Rüşvətə «YOX» deyək» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində həbs olunmuşdu. O, həm də AİESEC-in – İqtisadi və İdarəetmə Fakültələri Beynəlxalq Birliyinin Azərbaycan nümayəndəliyinin sədridir.

Hiç yorum yok: