30.01.2007

Hardasan, ay Məşədi Kazım...



Elçin AKSİYAner

elchin_aze@yahoo.com




30.01.2007. Vallah Alı Mustafayevin sözü olmasın, hər dəfə hökumətimizin və ya Milli Məclisimizin bu cür qərarlarından sonra “Dəli bir ağlamaq keçir könlümdən”, özü də millətin halına. Nə deyəsən vallah, adamın təpəsindən tüstü çıxır. Nə eksperiment gəldi edirlər də bu cammatın üstündə. A balam, “dözümlü xalq” olanda nə olar, daha milləti bu qədər minməzlər ki. Başa düşmək olmur ki, ayının dostusuz ya meşənin. İşiniz-gücünüz deyəsən elə Azərbaycanla Avropa ölkələri və ABŞ arasında özünüzə sərf eləyən şəkildə qiymət müqayisəsi aparmaqdır. Elə bil ki, bütöv bir ölkənin yox, sadəcə özünüzün dar bir dairənizin taleyinə təsir edən qərar verirsiniz.
Bəs niyə “addımınızı” adam kimi izah edə bilmirsiniz. “Maaşların artımı”, “Qiymətlərin standartlara uyğunlaşdırılması”, “Beynəlxalq qurumların tələbləri” və s kimi boş və məntiqsiz fikirlərlə guya sualın altından çıxırsınız. Mən ölüm bəsdirin də, heç olmasa belə cəfəngiyatı danışıb biabır olmaqdansa, “müəmmalı və ağıllı” görsənmək xətrinə susun. Danışdıqları sözə bax. “Maaşlar da artırıldığından düşünürəm ki, bu əhalinin vəziyyətinə mənfi təsir göstərməyəcək”. Ayə, sənin nə xəbərin var axı əhalinin vəziyyətindən, guya heç bir dəfə də ağız dolusu bütün sitatlarda işlətdiyin “xalq”ın vəziyyəti ilə maraqlanmısan? Amma elə danışırsan ki, elə bil hər şeyi “əlinlə qoymusan”.
Deyirəm bəlkə birdəfəlik məqsədinizin nə olduğunu deyəsiniz? Əgər millətin orta və aşağı təbəqəsini qırıb yox etmək istəyirsinizsə, açıq bildirin. Bəlkə sizə alternativ və daha tez başa gələn bir yol dedik. Məsələn, müharibəni başlayın. Onsuz da nə siz, nə də sizin kimilər gedib döyüşməyəcək ki? Döyüşən yenə də bu zavallı xalq və kasıb kütlə olacaq. Təsəllimiz də o olar ki, vətənimizdə yoxsulluqdan və acından ölmədik, əvəzinə torpaqlarımız uğrunda vuruşaraq şəhid olduq. Deməyin ki, bunun “bizə” nə xeyri, siz də bizim hesabımıza rütbə, fəxri ad, orden-medal zad alarsınız. Bir bu variantı da nəzərdən keçirin.
Qalırsan bir tərəfə ki, milləti qınayasan ya onun ziyalı, oxumuş, dünyadan xəbəri olan nümayəndələrini. Başımıza açılan oyunlara nə vaxta qədər “sakit, təmkinli, mağmın, məzlum, zavallı, öz işimizdə” reaksiya verəcəyik. Niyə axı səsimizi çıxararaq, bir-birimizi dəstəkləyərək, “var” olduğumuzu bildirərək haqqımızı tələb etmirik. Əslində cavab sadədir, bacarmırıq, qorxuruq, “ac qarnım dinc qulağım” kimi “dərin mənalı” atalar sözləri ilə böyümüşük axı. Niyə həmişə olduğu kimi yaşlı nəsil bir ziyalı, bir böyük olaraq “qabağa düşmür”, camaatı hərəkətə gətirmir. Çünki deyir ki, mənim ömrümə bir şey qalmayıb onsuz da, birtəhər, sakit başa vurmaq istəyirəm, artıq o yaşım deyil (guya “o yaşlarında” dağı dağ üstə qoyub). Niyə orta yaşlı nəsil dillənmir. “Ailəm var, uşağım var, işdən çıxararlar”, haqlıdır, əməlli başlı arqumenti var. Bəs bizim “enerjili gənclər”, onlar hanı? Bu saat deyim, yarısına evdən çıxan kimi “aman bala heç kimə qoşulma, heç nəyə qarışma, səsivi kəs, başıvı sal aşağı, səhər get, axşam qayıt” tövsiyəsi verilir. Bir hissəsi düşünür ki, mən etiraz eləsəm inanmıram ki, kütlə də mənə qoşula, sonda çanaq başımda çatlayacaq, universitetdən qovularaq əziyyətlərim hədər gedəcək, üstəlik də ata-anamın qarğışına tuş gələcəm. Düzdür elə savadlı və şəxsiyyətli gənclər var ki, bəzən hansısa sivil şəkildə aksiya keçirmək istəyirlər. Amma nə fayda, qardaş, bunlar sivil yol nə bilir, sivilizasiyadan nə anlayırlar ki, hələ bir təsiri də olsun. Onlarla yalnız öz dillərində danışmaq lazımdır.
Elə bilməyin ki, ümumi danışıb “söz kimə aiddir götürəcək” deyirəm. Xeyr, sözlərim bütün hökumət nümayəndələri və məmurlara aiddir. Deyin görüm, sizdə heçmi zavallı millətinizə qarşı bir sevgi demirəm, o şübhəsiz ki yoxdur, heç olmasa yazığınız da gəlmir. Nə olar ki, arada bir belə “parlaq” fikirlərlə çıxış edib, “sosial yönümlü” qərarlar verəndə xalqın halını da fikirləşəsiniz. Ümummilli liderimiz sizə deyib axı “xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Yoxsa sizin zamanınızda artıq bu kəlam öz qüvvəsini itirib?
Amma sevinirəm ki, xalq nə cür məhrumiyyətlərlə üz-üzə gəlsə də yumor hissini itirmir. Dünən dayanacağa tərəf gələndə gördüm bir qoca qarı dayanıb rəhmətlik Heydər Əlyevin şəkli olan lövhənin qrşısında, ona baxır və nəsə deyir. Maraqla qulağımı ona tərəf tutanda eynən bu sözləri eşitdim. “Hardasan ay Heydər baba, gör sənin millətivi nə günə qoyurlar”.

Hiç yorum yok: