11.01.2007

Sürücülər etiraz edir


11.01.2007.GƏNCƏ. Bu gün Gəncə şəhərindən Xanlar rayon istiqamətində sərnişin daşıyan mikroavtobusların sürücüləri etiraz aksiyası keçirib. Onlar, yanvar ayının 8-dən etibarən yanacağın qiymətinin və sürücülər üçün müəyyənləşdirilmiş planın iki qat artırılmasından şikayətlənirlər.
Təxminən səhər saat 9 radələrində başlayan aksiyada Xanlar rayon istiqamətində hərəkət edən mikroavtobusların bütün sürücüləri iştirak edirdi. Sürücülərin sözlərinə görə, onlar hər gün Gəncədən Xanlara və əks istiqamətə hərəkət edən zaman 25 kilometr məsafə qət edirlər. Nəticədə sərnişinlərin ödədikləri 10 qəpik yol məsrəflərini ödəmir. Aksiya iştirakçıları, həmçinin bildirdilər ki, əvvəllər gediş haqqı 20 qəpik olub. Eyni dayanacaqdan həmin istiqamətə taksilər də elə həmin qiymətə apardığından, mikroavtobus sürücüləri məcburən qiyməti yarıya endirməli olublar. Ancaq son günlər yanacağın qiymətinin artması onları yenidən gediş haqqını 20 qəpik etməyə vadar edib. Bu səbəbdən də, son bir neçə gün ərzində demək olar ki, hər dövriyyəd? sərnişinlərlə sürücülər arasında qalmaqal baş verirdi. Bu gün isə hadisələr son həddə çatıb.Hər gün Xanlardan Gəncəyə və geri qayıtdığını söyləyən orta yaşlı Sənubər Rzayeva isə qiymət artımının onların həyatına mənfi təsirindən danışdı:“Mən hər gün həyat yoldaşımla bu yolu gedirəm. Əvvəllər günə cəmi 40 qəpik yol pulu verdiyim halda indi məcbur olub 80 qəpik xərcləyirəm. Nəzərə alsaq ki, yolda tanışlar da olur, onda gündəlik yol məsrəflərinin neçəyə başa gələcəyini təsəvvür etmək çətin deyil. Mən hələ ?rzaq və digər məhsulların qiymətlərinin qalxmasından danışmıram. Ölkədə minimum əmək haqqı cəmi 30 manatdır. Bəs belə olan halda camaat necə dolansın?”
Sürücüləri sakitləşdirməyə çalışan “Gəncə Avtovağzal” Səhmdar Cəmiyyətinin sədri Namiq Həsənov isə, məsələni daha sivil yollarla həll etməyə çağırırdı: “Sizi qınamıram, ancaq tək özünüzü yox, sərnişinləri də düşünmək lazımdır. Onların bu işdə heç bir günahı yoxdur. Qayıdın işinizə”.Namiq Həsənovun sözlərinə görə, bu barədə Nəqliyyat Departamentinə və Tarif Şurasına yazılı şəkildə müraciət ediblər. Qiymətlərin yalnız Bakı və Sumqayıtda artırılmasını düzgün hesab etməyən Həsənov, məsələnin yenidən müzakirə edilərək daha məqsədə uyğun qərar qəbul ediləcəyinə ümid etdiyini bildirdi. Onun sözlərinə görə, artıq şəhərlərarası hərəkət edən avtobusların sürücüləri ilə də qiymətlərin qaldırılmaması barədə razılıq əldə olunub. Qeyd edək ki, avtovağzal rəhbərinin göstərişindən sonra yolda qalan sərnişinləri mənzil başına çatdırmaq üçün xəttə ?lavə iki mikroavtobus çıxarıldı. Yalnız bundan sonra etiraz edən sürücülər də köhnə qiymətlə xəttə çıxmağa razı oldular. Məlumat üçün bildirək ki, anaoloji hal bu gün şəhərdaxilində bir neçə sərnişin daşıyan mikroavtobuslarda da baş verib.

Hiç yorum yok: