11.01.2007

Taksi sürücüləri aksiya keçiriblər



11.01.2007. BAKI. Bu gün “Star” taksi şirkətinin 400-dən çox sürücüsü müəssisənin qarşısında rəhbərliyin qiymətləri artırmasına etiraz əlaməti olaraq xəbərdarlıq tətili keçiriblər. “Turan”ın məlumatına görə, taksi sürücüləri planın qaldırılmaması, əmək müqaviləsinin bağlanması, nəqliyyat vasitələrinin sığortalanması, təmir üçün ehtiyat hissələrinin pulsuz və ya ucuz verilməsi, tibbi müayinənin qiymətinin aşağı salınması və digər tələblərə çıxış ediblər.
Şirkət rəhbərliyi taksi sürücülərinin tətilinin qarşısını almaq üçün əraziyə polis çağırıb. Əraziyə gələn rəsmi və mülki geyimli polis işçiləri sürücülərin tətilinin qarşısını zor tətbiq etməklə almağa çalışsalar da buna nail ola bilməyiblər. Vəziyyətin gərginl?şdiyini görən şirkət rəhbərliyi tətilçilərin qarşısına çıxaraq gündəlik planın qaldırılmaması ilə bağlı tələbi müsbət həll edib. Bundan sonra qarşıdurmaya getməyən sürücülər tətili müvəqqəti dayandırıblar.
Sürücülər bildiriblər ki, şirkət rəhbərliyi gündəlik planı 15 manatdan 20 manata qaldırmaq istəyir, səbəb göstərmədən bu günə qədər əmək müqaviləsi bağlanılmır, avtomobillərin ehtiyat hissələri çox baha qiymətə satılır, nəqliyyat vasitələri sığortalanmır. Bəzi hallarda taksi sürücüləri təcavüzə məruz qalırlar və son bahalaşma bu cur münasibətləri daha da artırır. Nəqliyyat vasitələri təzə olsalar da çox tez sıradan çıxırlar və 5 ildən sonra bu maşınları işlətmək qeyri-mümkün olacaq. Bəzi sürücülər isə bildiriblər ki, şirkət rəhbərliyi gələcəkdə tətil iştirakçılarını cəzalandırmağı planlaşdırır və bundan sonra gündəlik planı qaldıracaqlar.
“Star” şirkətinin rəhbəri Həmid Abbasov isə bildirib ki, hələlik gündəlik plan köhnə qayda ilə yığılacaq. “Şirkətdə komissya yaradılacaq və qiymətlərin artırılıb artırılmaması barədə məsələyə baxılıb qərar çıxarılacaq” deyə H.Abbasov bilddirib.
Qeyd edək ki, “Star” şirkəti Bakıda İran istehsalı olan “İranko samand” markalı 520 ədəd (bəziləri Azərbaycanda yığılıb) minik avtomobili ilə taksi xidməti göstərir.

Hiç yorum yok: