METRODA GEDİŞHAQQI ARTIRILIR
12.02.2007. Yaxın vaxtlarda Bakı Metropolitenində gedişhaqları artırılacaq. Bu barədə məlumatı hökumətdəki etibarlı mənbədən almışıq. Məsələ ilə bağlı metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına və hökumətə növbəti dəfə müraciət edilib. Mənbə bildirir ki, təklif ciddi şəkildə müzakirə edilir və onun müsbət həll ediləcəyi bəri başdan məlumdur. Məsələ yalnız bunun nə zaman elan olunmasında və bir də qiymətlərin hansı həddə qədər qaldırılmasındadır. Metroda gedişhaqlarının sərnişinlər üçün ən azı iki dəfə qaldırılacağı və 10 qəpik olacağı artıq həll olunmuş məsələ sayılır. Lakin müzakirəyə daha radikal təklif çıxarılıb: metroda gedişhaqqını 20 qəpiyə qədər qaldırmaq!
Həmin təklif metropoliten rəhbərliyi tərəfindən irəli sürülüb və Tarif Şurasında da, hökumətdə də onu müdafiə edənlər var. Qeyd edək ki, hazırda bu nəqliyyat növündə gedişhaqqı 5 qəpik olduğundan, əhalinin kasıb təbəqəsi əsasən onun xidmətindən istifadə edir.Xatırladaq ki, hələ ötən il metropoliten rəhbərliyi qiymətlərin artırılması ilə bağlı hökumətə bir neçə dəfə müraciət etmiş, ancaq hər dəfə hökumət vaxtı məqbul saymayaraq təklifləri rədd etmişdi.Lakin bu il yanvarın 8-də Tarif Şurasının enerjidaşıyıcılarının qiymətini qaldırmaq barədə çıxardığı qərarla ölkədə total bahalaşma start götürüb. Həmin qərarla enerjidaşıyıcılarının qiyməti 50 faiz artırılıb və müstəqil ekspertlərin rəyinə görə bu, hələ son hədd deyil.Paralel surətdə Şura sərnişindaşımada qiymətləri tənzimləmək adı ilə şəhərdaxili marşrutlarda gedişhaqqını qaldırıb. İndi isə görünür, növbə metroya çatıb. Çox güman ki, bu dəfə qurum öz toplantısında qazın və metroda gedişhaqqının qiymətinin azı iki dəfə artırmaq barədə qərar verəcək. Bu da öz növbəsində əhalinin maddi durumuna növbəti ciddi zərbə olacaq. Çünki metro yeganə və nisbətən ucuz nəqliyyat növüdü ki, bahaşlaşma ilə bağlı əhali ən çox ona üstünlük verir.Onu da yada salaq ki, lap yaxınlaradək hökumət metroda qiymət artımına getməyəcəyini və metro xərclərinin başqa vasitələrlə kompensasiya ediləcəyini bildirirdi. İndi aydın olur ki, həmişəki kimi, indi də hakimiyyəti sadə xalqın dolanışığı maraqlandırmır və o, kasıb əhalinin son qəpiyinə də göz dikib.Mənbə bir önəmli məqamı da vurğuladı: hakimiyyətdəki bahalaşma tərəfdarları, başda iqtisadi inkişaf naziri Heydər Babayev olmaqla, mövqelərini onunla əsaslandırırlar ki, indiki məqam xalqın və müxalifətin vəziyyəti baxımından ən əlverişli məqamdır və ona görə də qiymətləri hansı səviyyədə istəsələr, qaldıra bilərlər. Onlar israrla qeyd edirlər ki, xalq müqavimət göstərməyəcək, seçkilərə qədər müxalifətin hər hansı etiraz aksiyaları kütləvi olmayacaq və bu səbəbdən də qiymətləri beynəlxalq standartlara uyğunlaşdırmaq üçün başladılan işi sona çatdırmaq lazımdır. Hökumətdəki bahalaşdırma tərəfdarlarının arqumentlərinə görə, bir qədər sonra cəmiyyət yeni qiymətlərə adaptasiya olunacaq və iqtidara olan qəzəbi soyuyacaq. Lakin seçki ərəfəsində belə bir addımı atmaq mümkün olmayacaq. Ona görə də “qiymət islahatı”ndan kənarda qalan iki əsas obyektin - metrohaqqının və qazın - qiymətlərini məhz indi, şok bahalaşma prosesinin davamı kimi, artırmaq lazımdır.Mənbəmizin fikrincə, Müsavatın 28 yanvar aksiyası daha kütləvi, daha dinamik olsaydı, bahalaşma prosesi nəinki dayandırılacaqdı; hətta həkimiyyət tərəfindən müəyyən qədər geri çəkilmələr də olacaqdı.“18 fevral aksiyası da əvvəlki kimi olsa, kütləvilik ən azı iki dəfə artmasa, bahalaşma prosesi bu ilin sonlarına qədər davam edəcək. Əksinə olsa, metronun və qazın qiymətlərinə dəyməyəcəklər...”Bu da bizim hökumətdəki mənbəmizin düşüncəsidir...
Hiç yorum yok:
Yorum Gönder