12.02.2007

TAXIL QITLIĞI TƏHLÜKƏSİ REALDIR




12.02.2007. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumata görə, bu il Azərbaycanda taxıl qıtlığının yaranacağı gözlənilir. Təşkilatın proqnozuna görə, pis hava şəraiti və münaqişələr üzündən bu il 34 ölkə ərzaq, o cümlədən də taxıl qıtlığı problemi ilə üzləşəcək. Bu ölkələr arasında Azərbaycandan başqa Çad, Kot’d İvuar, Qvineya, Liberiya, Zimbabve, Konqo, Anqola və s. kimi Afrika ölkələrinin, habelə Əfqanıstan, İraq, Nepal, Şimali Koreya, Flippin və Şri-Lankanın da adları var. Azərbaycanda taxıl qıtlığı təhlükəsi nə qədər realdır? Qeyd edək ki, Statistika Komitəsinin ötən ilin 9 ayı üçün açıqladığı hesabata görə, şumlanmış əkin sahələrinin kəskin azalması müşahidə olunub, taxıl istehsalı isə 2,2 faiz azalıb.Mütəxəssislər isə bu rəqəmin 5 faiz olduğunu iddia edirlər. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlunun sözlərinə görə, ölkədə qıtlıq hallarının yaranacağı istisna olunmur. İqtisadçı hesab edir ki, belə bir vəziyyətin yaranmasının əsasən iki səbəbi var: “Ötən illə müqayisədə bu il taxıl istehsalının səviyyəsi aşağı olub. Digər tərəfdən isə hər il ölkəyə Qazaxıstan, Ukrayna və Rusiyadan 1 milyon ton taxıl idxal olunur. Taxılın idxal qiymətləri də əvvəlkinə nisbətdə xeyli bahalaşıb”. Qubad bəy dedi ki, ölkədə taxıl əkinçilərinin fəaliyyəti rentabelli deyil. Əkinlə məşğul olanlar taxılın qiymətinin bir neçə il ərzində süni şəkildə dondurulmasının nəticəsi olaraq, öz xərclərini ödəyə bilmədiyindən digər bitkilərin əkininə meyl edirlər: “Bizdə olan məlumata görə, ötən ilin payız əkini zamanı fermerlərə müəyyən inzibati təzyiqlər olub. Hətta yerli icra hakimiyyətlərinin, bələdiyyələrin müdaxiləsi ilə fermer təsərrüfatlarının əksəriyyətini məcbur ediblər ki, onlar taxıl əksinlər. Amma buna baxmayaraq, taxıl əkin sahələri əvvəlkilərlə müqayisədə xeyli azalıb”.İqtisadçının sözlərinə görə, digər səbəb isə çörək və çörək məhsullarının rentabelliyinin aşağı düşməsi ilə bağlıdır: “Çörək istehsalının maya dəyərinin, xüsusilə enerjinin, daşıma xərclərinin qiymətlərinin xeyli artmasına baxmayaraq, çörəyin əvvəlki qiyməti süni şəkildə saxlanılır. Əslində bazara hökumətin müdaxiləsi olmalı deyil, qiyməti alıcı və satıcı müəyyənləşdirməlidir. Amma qiymətin dondurulmuş şəkildə saxlanılması da gizli inflyasiya yaradır. İnsanlar həmin qiymətə çörək alsalar da, çəkinin getdikcə azalması davam edir”.Qubad bəy qeyd etdi ki, ümumi bahalaşma fonunda vətəndaşların daha çox çörək alması da səbəblərdən biri sayıla bilər: “Ət, ət məhsullarının, süd, süd məhsullarının qiyməti bahalaşmaqda davam edir. Belə olduqda çörəyin qiyməti bahalaşmadığından, insanlar öz istehlak ehtiyaclarını çörəkdən daha çox istifadə etməklə ödəyirlər. Bu da çörəyə tələbatı artırır. Çörəyin daha çox istehsal olunması isə taxıla ehtiyacı artırır”. Q.İbadoğlu dedi ki, belə olduğu üçün bu il taxıl idxalı 1 miyon tondan artıq olmalıdır. Onun sözlərinə görə, bu sahədə də xeyli problemlər var. Taxıl idxalında olan monopoliyaların, iqtisadi sabotajların da taxıl qıtlığına təsiri istisna deyil: “İndiki halda hökumət problemi aradan qaldırmaq haqqında düşünməlidir. Ən azı çalışmalıdır ki, taxıl ehtiyatı fondu yaradılsın”.

Hiç yorum yok: