13.02.2007

Müsavat əhaliyə xüsusi vərəqələr paylayır

Fevralın 18-də keçiriləcək aksiyasına Xalq, KXCP, CXP və Əhrar partiyaları dəstək verəcək

13.01.2007. Müsavat qiymətlərin artırılmasına etiraz olaraq fevralın 18-də keçirəcəyi növbəti yürüş-mitinqə hazırlıq işlərini dünəndən bir qədər də gücləndirib. Partiyanın mitinqə hazırlıq komitəsinin rəhbəri Arif Hacılının sözlərinə görə, dünən Bakı və əraziləri işğal edilən rayon təşkilatlarının rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib: «Bu gün dörd rayon təşkilatının fəalları ilə partiya rəhbərliyində təmsil olunan əksər şəxslər bir araya gələcək. Həftənin sonuna qədər bu cür görüşlər davam edəcək və aksiyanın keçiriləcəyi gün partiyamız hazırlıq işlərini başa vuracaq. Ümid edirik ki, bu aksiyamız ötən dəfəki yürüş-mitinqdən möhtəşəm olacaq».
A.Hacılının bildirdiyinə görə, aksiya öncəsi Müsavat əhalinin müxtəlif sosial təbəqələrini mitinqdə aktiv iştirak etməyə çağıracaq: «Biz aksiyada insanların daha çox iştirakı üçün əlimizdən gələni edirik. Bu məqsədlə bir sıra vasitələrdən istifadə etmək niyyətindəyik. Mətbuat vasitəsilə mitinqimizin vaxtı və yeri barədə məlumatlar veririk, xüsusi vərəqələr paylayırıq».
Aksiyada digər partiyaların iştirakı ilə bağlı məsələyə gəldikdə, A.Hacılı xatırladıb ki, bir müddət öncə Müsavat başqanı İsa Qəmbər bütün müxalifət partiyalarını bu prosesdə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, müxalifət partiyalarının üzvlərinin çoxu mitinqdə iştirak edəcəklər: «Hələlik müttəfiq olduğumuz təşkilatlardan başqa digərlərinin aksiyaya dəstək verməsi ilə bağlı qərar yoxdur. Müttəfiq dedikdə isə əsasən Xalq, KXCP, CXP və Əhrar partiyalarını nəzərdə tuturam. Digər aparıcı müxalifət partiyalarının aksiyaya dəstək verəcəkləri barədə rəsmi qərarları yoxdur. Ancaq mitinqin keçirilməsinə bir neçə gün qalır. Məncə, bu təşkilatlar da düşünməlidirlər. Biz hakimiyyətə müxalifətdə duran bütün təşkilatların yürüş-mitinqdə iştirak etməsinin tərəfdarıyıq».
Müsavatın Divanının dünən keçirilən iclasında da mitinqə hazırlıq məsələsi müzakirə olunub.

Nemət HÜSEYNLİ

Hiç yorum yok: