19.02.2007

NARKOMANİYANIN QURBANINA ÇEVRİLƏN MƏMURLAR...


Nazir və deputatların neçə faizi narkotik maddələrdən istifadə edir?


19.02.2007. Dünyanı cənginə almış narkotika bəlası durmadan dəhşətli bir xəstəlik kimi geniş vüsət alır. Narkotikaya həm passiv, həm də aktiv şəkildə qurşananlar Allahın onlara bəxş etdiyi biricik ömürlərini bu şəkildə məhv edir. Ən acınacaqlı hal isə narkotikanın biz istəməsək də artıq bizim ətrafımızı yabanı sarmaşıq kimi sarımasıdır. Təsadüfü deyil ki, bu gün narkotik vasitələr "qaranlıq məkan"lardan açıq bazara çıxaraq artıq adi apteklərdə də satılır.


Narkotikanın yayılmasında xarici və daxili firmaların rolu


Bir müddət öncə Səhiyyə Nazirliyində imzalanmış 53 saylı sərəncamla Niderlandın "Nolden Medikal B.V" şirkətinin istehsal etdiyi bəzi preparatların satışı və yayılması qadağan edilməsi də bunu təsdiq etdi. Bu "Gefoxime", "Metoclorramide", "Ferrous sulrhate", "Diclofenar", "Ketoconazole", "Amoxigilin", "Ceftrlaxone" preparatlarıdır. Mətbuatda verilən məlumatda bildirilirdi ki, bu şirkətin MDB məkanında psixotrop maddələrin satışını təşkil edən 109 müxtəlif şəbəkəsi var. Ekspertlərin fikrincə, Azərbaycanda isə satışı qadağan olmuş bu dərmanlardan təqribən gün ərzində 44 kişi, 52 qadın və 13 uşaq istifadə edir. Dünyada psixotrop maddələrdən istifadə həcmi hər il 1,5-2 dəfə artır. Qara bazarlarda bu dərmanlardan götürülən gəlirin illik həcmi isə 110 milyard dollar olduğu bildirilir və yaxud narkotik maddələrdən götürülən ümümi illik gəlir 400 milyard dollar təşkil edir. Bu da dünya ticarətinin 8 faizini təşkil edir. Ekspertlərin apardıqları araşdırmalara görə MDB məkanında hər il narkomaniyadan 22 min adam məhv olur. Ekspertlərin digər açıqlamalarında isə MDB məkanında psixotrop maddələrdən ən çox istifadə edən Orta Asiya və Cənubi Qafqaz regionları olduğu bildirilir. Məsələn, Daşkənddə hər 10 nəfərdən 6-sı, Düşənbədə 7-si, Bişkekdə 8-i, Aşqabadda 7-si, Tiflisdə 6-sı, Yerevanda 7-si, Azərbaycanda isə 5-i psixotrop maddələrdən istifadə edir.


Azərbaycanda 170 min narkoman olması heç kimi narahat etmir


2004-cü ildə narkotikaya qarşı profilaktik tədbirlərə Azərbaycanda 1,7 milyon dollar xərclənib. Rəsmi məlumatlara görə həmin il narkobəladan 158 nəfər ölüb, 1261 nəfər (bunun 23 faizi qızlardır) ömürlük şikəst olub. Regionlarda hamilə qadınların arasında narkotikaya aludə olanları həcmi əgər əvvəlki illərdə 2,5 faiz idisə, bu gün bu göstərici 3 faizi keçir. Statistik məlumatlara əsasən Azərbaycanda 170 mindən artıq narkoman var. Təkcə son beş ildə Respublika Narkoloji Dispanserinə 7 min nəfər narkotika qurşanmış insan müraciət edib. Bu məsələdə ən acınacaqlı hal isə narkomaniyaya qurşananların əsasən yeniyetmə və gənclərin olmasıdır. Təbii ki, aparılan araşdırmalar nəticəsində məlum olan bu statistik məlumatlar həqiqəti tam ifadə etmir. Çünki, statistika yalnız qeydiyyata düşmüş narkomanları əhatə edir ki, bu məlumatlarda göstərilən say həqiqətdə qat-qat çoxdur. Narkomaniyanın Azərbaycanda ən çox yayılan regionları ardıcıllığı ilə belədir: Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Sumqayıt, Cəlilabad, Şəki və i.a. Onu da diqqətinizə çatdıraq ki, bu şəhərlərin hər birində Narkoloji Dispanserlər fəaliyyət göstərsə də bura müalicə üçün çox az adam müraciət edir.


Azərbaycanda narkobiznesin illik dövriyyəsi 50-60 milyard dollardır


Fransız araşdırıcısı Y.Doqan iddia edir ki, Cənubi Qafqazda və Orta Asiyada "Heroin qanunları" mövcuddur. Ermənistana gəlincə isə, o göstərir: "Ermənistanda dövlət və hökumət strukturlarında çalışan məmurların 6,9 faizi aktiv, 3,2 faizi isə passiv narkotika qəbul edicisidir. Siyasi partiyalar arasında narkodaşıyıcılar 8,1 faizdir". Digər bir ekspert, professor V.Orexovun araşdırmalarına əsasən, Gürcüstanın Prezident Aparatında çalışanların 1,9 faizi narkotika ilə məşğul olur. Bu göstərici sərhəd qoşunlarında 2 faiz, parlamentdə 2,8 faiz, müdafiə nazirliyində 1,5 faiz, gömrük departamentində 2,5, ayrı-ayrı komitə və nazirliklərdə 6 faiz təşkil edir. Professor daha sonra yazır: "Ermənistanda vəziyyət daha da fəlakətlidir. Orada Prezident Aparatında çalışanların 2,3 faizi narkotika ilə məşğuldur. Bu göstərici sərhəd qoşunlarında 2 faiz, parlamentdə 3 faiz, MN-də 4 faiz, gömrük departamentində 2 faiz, DİN-də 2,5 faiz, siyasi partiyalar və ictimai təşkilatlar arasında 8 faiz təşkil edir. Məhkəmə-prokurorluq orqanlarında isə təhlillərimiz 4,5 faizi göstərir". Bəs Azərbaycanda bu göstəricilər nəyi göstərir? Bu məsələyə də aydınlıq gətirək. Azərbaycanda dövlət strukturlarında çalışan dövlət məmurlarının təqribən 18 faizi, MM-dəkilərin 5 faizi, Vergilər Nazirliyi stukturlarında çalışanların 12 faizi, DİN-də çalışanların 11 faizi, Gömrük Komitəsində işləyənlərin 14 faizi, sərhəd qoşunlarında 4 faizi narkotik vasitələrin qəbulu ilə məşğuldur. Təbii ki, bu məmurlar təkcə narkotik vasitələrin qəbulu deyil, eyni zamanda satışı ilə də məşğul olur. Bu sadaladığımız dövlət orqanlarının narkotranzit vasitəsilə xaricdən hansı həcmdə narkotik vasitələr qəbul etdikləri və onu hansı vasitələrlə müəyyən marşrut üzrə ölkədən kənara çıxardıqları və narkobiznesin illik dövriyyəsinin Azərbaycanda nə qədər olduğu aidiyyatı orqanlar tərəfindən araşdırılıb. İlkin nəticələrə görə, narkobiznesin Azərbaycanda illik dövriyyəsi 5-6 milyard dollar həcmində olduğu müəyyənləşdirilib. Bu sahə ilə kimlərin məşğul olduğu başqa bir mövzunun söhbəti olduğundan hələlik buna toxunmuruq.


Xəzər dənizi narkobiznesin əsas marşurutudur


Qərbin kəşfiyyat sənədlərində bu istiqamətdə 5 ölkənin strateji məqsədlərini əhatə edən Xəzər dənizinin adı da narkotranzit məkan kimi qeyd olunub. Məhz bu beş ölkənin narkobiznezlə məşğul olan ölkələr kimi tanınması, narkotikanın bu ölkələrdə satışının demək olar ki, sərbəs şəkildə aparılması və bu ölkələrdən narkotranzit kimi istifadə edilməsi geniş vüsət aldığından Xəzər dənizi vasitəsilə dünya narkobaronlarına məxsus "mallar"ı asanlıqla lazımı ünvana çatdırmaq mümkündür. Təsadüfi deyil ki, Xəzərin narkotika və terror hücumlarından qorunması üçün ABŞ-ın Harvard Universitetində xüsusi "Təhlükəsizlik layihəsi" də hazırlanıb. Layihənin icrası üçün 100 milyon dollar ayrılıb. Lakin Xəzəryanı dövlətlərin narkomafiyada birbaşa maraqlı olması hələ ki, bu layihənin həyata keçirilməsinə imkan vermir. Düzdür bu ölkələr tərəfindən Xəzər dənizində bir sıra təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi göstərisi edilsə də, qeyd etdiyimiz kimi, bu göstəridən başqa bir şey deyil. Eyni zamanda əsdində bu göstəri daha bir neçə şeyə də xidmət edir. Birincisi narkotik vasitələrin təhlükəsizliyini təmin etmək üçün hər bir Xəzəryanı dövlətin digər dövlətin sərhəd sularına kimi bu yüklərin təhlükəsizliyinə qarant durur. İkincisi, narkomanapoliyaya girmək istəyən bir sıra kiçik narkomafiyaların Xəzərdə narkotranzitlə məşğul olmasının qarşısını almaq və buna imkan verməmək kimi vəzifələri var...


Qanunlar narkobiznesin yayılmasına şərait yaradır


Azərbaycanda narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, yəni əkilməsi, daşınması, satılması istiqamətində, eləcə də istifadə olunması yönümündə ciddi qanun boşluqları var. Məsələn, ölkə parlamentində hazırlanmış "Narkotik vasitələrin psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" qanun layihəsini oxuduqdan sonra hiss edirsən ki, bu məsələ hazırlanarkən ölkə narkomafiyasının tələbləri nəzərə alınıb. Ölkə parlamenti Azərbaycanda neçə narkoqrupun, narkomafiyanın, narkobaronun, narkokorrupsiya mərkəzinin, narkobankın, narkolaboratoriyanın, narko-əkin sahəsinin həcmini, sayını, vəsaitini öyrənmədən, aydınlıq gətirmədən qanun qəbul edib. Elə bu qanundan bilinir ki, dövlət narkobiznesin ölkədə yayılmasında maraqlıdır. Avropanın əksər ölkələrində Asiyanın, Afrikanın, Amerikanın iri ərazilərində narkotika ilə bağlı aparılan profilaktik tədbirlər nəticə vermədiyindən, ona qarşı tədbiq edilən "ölüm hökmü" qüvvədə qalır. Azərbaycanda isə narkotika ilə bağlı lisenziya, yəni narkotikanın satışına açıq şəkildə icazə verilir və daha da qeyri-leqal iş görülmək üçün şərait yaradılır. Çünki qanun buna imkan verir. Qanun layihəsinin 16-cı maddəsində yazılıb: "Tibbi məqsədlərlə fiziki şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin buraxılması, belə fəaliyyət növünün lisenziyası "xüsusi razılıq" olan apteklər və müalicə-profilaktik müəssisələr tərəfindən həyata keçirilir". Qanundan görundüyü kimi narkotik vasitələrin istənilən şəxs həmin bu "xüsüsi razılığ"ı olan apteklərdən qanuni şəkildə almaq və istifadə etmək olar. Qanun imkan verir ki, uzun illərdən bəri qeyri-leqal narkotika alveri ilə məşğul olan apteklərə "amnistiya" verilsin. Azərbaycanda narkotika satan aptekləri çox axtarmaq lazım gəlməyəcək. Çünki bu cür apteklər ölkəmizi hər yerində fəaliyyət göstərir. Məlumata görə, artıq respublikada narkotik maddələri qanuni yolla satmağa hazırlaşan 175 aptek lisenziya almağa çalışır. Azərbaycanda bir-birinin ardınca tikilən "999", "777", "555" (bu rəqəmlər ən keyfiyyətli heroin növləridir) saylı və yaxud işarəli 105 şadlıq sarayı, super-market, kafe-restoran, istirahət mərkəzi, dənizdə üzən qayıq, qrup və təşkilat var. Və bütün bu saydıqlarımızın sahiblərini də axtarmağa ehtiyac yoxdur. Çünkü bu obyektlərin məhz kimə məxsus olduğunu dəqiqləşdirmək kifayət qədər çətin və məsuliyyətli bir məsələdir. Ancaq bir şey dəqiqdir ki, bu obyektlərin sahibləri mərkəzləşmiş narkomafiya-NARKOAİLƏDİR!

1 yorum:

Adsız dedi ki...

Melumat maraglidir, "Azerbaycanda narkobiznesin iilik dovruyyesi 50-60 milyard dollardir" menbe da gosterilsa yaxshi olar, ve birde bu regem nedense megalede 5-6 gorsedilib. hansi duzgundur?