22.02.2007

Mən qatil olsaydım…

Bu ölkədə ya ağsaqqal olmalısan, ya da ağsaqqalın qurbanı
Əsəd Nəsirli

Bizim atalarımıza aid olmayan bir atalar sözümüz var. Deyirlər “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Nə deyirəm, oturma deyirlər oturma da, amma söhbət ayaq üstə durmaqdan getmir e, məsələ bundadır ki, axı ağsaqqal deyilən nəmənə şeydir ki, bizdə onu Allahdan üstün tuturlar?
Ağsaqqal deyiləndə bir elin, bir obanın, bir ölkənin başbiləni, sözükeçəni və nəhayət ən müsbət keyfiyyətlərin cəmləşdiyi, saçı-saqqalı ağarmış bir insandır.
Gəlin görək bizim ağsaqqallarımız bu keyfiyyətlərə cavab verirmi? Əlbəttə yox! (Təbii ki, istisnalar var).
Əgər bir xalqın ağsaqqalı həssə gedib, gələndə tiryekdən-miryekdən gətirib satıb, pul qazanıb cavanlarımızı zəhərləyirsə, bir xalqın kişisi, ağsaqqalı oğlan uşağı doğmadığına görə arvadın boşayırsa, xalqımızın bu acınacaqlı vəziyyətində, Tarif Şurasının qiymətləri qaldırdığı və yenə də qaldırmaq istədiyi bir zamanda səsini çıxartmırsa, bir ölkədə deyil, bir eldə, bir kənddə, bir məhəllədə, hətta bir evdə belə sözü keçmirsə, biz cavanlar hansı halda ağsaqqalsız yerdə oturmayaq? Özünə hörmət qaya bilməyən ağsaqqala necə hörmət bəsləyək? Öz hərəkətləri ilə hətta öz nəvələrinin gülüş hədəfinə çevrilən ağsaqqala nə üzlə ağsaqqal deyəsən?
Azərbaycan kişisinin, ağsaqqalının tipik surəti İsmayıl Şıxlının “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağanın simasında cəmləşməyibmi? Bir yandan namusdan, qeyrətdən danışan, mollanın evinə getdiyinə görə bacasını, quyruğu qırxıldığına görə sevimli atını güllə qabağına verən Cahandar ağa, bir yandan da başqasının arvadını aparmağa gələndə ərini də öldürür. Bu deyilmi Azərbaycan kişisi, Azərbaycan ağsaqqalı? Bəlkə belə deyil? Qoy buna ağsaqqalarımız özləri vicdanla cavab versinlər. Və bəyənmədikləri Avropa kişisinə baxıb ibrət götürsünlər.
Bin Ladenin belə bir sözü var ki, “Bu dövrdə ya terrorçu olmalısan, ya da terrorun qurbanı”. Mən isə deyirəm - Bu ölkədə ya ağsaqqal olmalısan, ya da ağsaqqalın qurbanı. Qisası bütün ağsaqqalları qırmaq keçir içimdən.
Mən qatil olsaydım bu ölkədə 40 yaşından yuxarı bir nəfər ağsaqqal qoymazdım…
Niyə 40 il dedim, ona görə ki, bizdə statusca ağsaqqaldan sonra gələn Allahın səbri 40 ildir. Qoymazdım onlar bir də gənclərimizi zəhərləsinlər, qadınlarımızın hüquqların tapdasınlar, qoymazdım analarımızı oğlan uşaqları doğmadığına görə boşasınlar. Həm də qoymazdım öz nəvə-nəticələrinin gülüş hədəfinə çevrilsinlər. Day bundan yaxşı nə var?
Mən şəxsən bu ölkədə ağsaqqalsız yerdə oturur, Allahsız yerdə oturmuram.


Hiç yorum yok: