22.02.2007

DAHA NƏ İSTƏYİRSİNİNZ!!!???


Elçin
elchin_aze@yahoo.com


Böyüyün sözünə baxmayan, böyründəkinin gününə baxsın.
Əlaqəsiz epiqraf

Bəlkə də bu mövzuda yazmağa bir az gecikmişəm, amma məsələnin gün keçdikcə daha da çox aktuallaşması məcbur etdi ki, “mən də varam” demək üçün bir iki cümlə qaralayım.
Söhbət - keçən günlərdə ölkəmizin ictimai-siyasi palitrasına “bomba kimi düşən” prezidentin “kağız-kuğuz” şöbəsinin rəhbəri Süleyman İsmayılovun məqaləsindən gedir. Yəqin ki, yazının özünü oxumasanız da (buna mənim də nəfəsim çatmadı) hər birinizin məqalənin ana xəttindən xəbəriniz oldu.
Indi üzümü sizə tutub deyirəm. GÖRDÜNÜZ???!!!
Sizə deyirdim, sizsə əvəzində mənə “milləti bu günə sənin kimilər qoyub” deyə üstümə qışqırıb cavabımı verirdiniz. Hə, indi nə oldu bəs? Rəhmətlik Sabir demişkən, “mən deyən oldu, olmadı”? Süleyman müəllim də mənim dediklərimi təsdiqlədi.
Sən demə bütün il boyu cənab prezidentin ünvanına gələn məktublar heç də - ağır maddi durumdan, işsizlikdən, yoxsulluqdan, hər zaman rast gəlinən icra və hüquq-mühafizə organlarının özbaşınalığından, səhiyyə organlarının laqeydliyindən, məktəblərimizi və ölkəmizi bürümüş korrupsiyadan, addım başı insan haqqlarının tapdalanmasından, milyona yaxın qaçqınlıq həyatı yaşayanlardan, hazırda da “soyuq duşu” altında olduğumuz bahalaşmadan, və ya “quş qripindən”, hətta azərbaycanlıların ən çox sevdiyi “şəxsi” problemlərdən də deyil.
Hə, bəs nə bilmişdiniz. Süleyman müəllim bu sahədə mütəxəssisdir. Vətəndaşlarımızdan prezidentin icra aparatına gələn məktubların hamısına bircə-bircə baxıb və nə görsə yaxşıdır? Yuxarıda qeyd etdiyim xalqımızın müxtəlif təbəqələrinin məktublarında şikayət məktubları heç yox dərəcəsindədir, hər kəs hər şeydən məmnundur. Əvəzində məktub müəlliflərinin əksəriyyəti prezidentimizin daxili və xarici siyasətini bəyənir, onu ömürlük prezident görmək istəyir, və yaxud da “heç olmasa” prezidentlik müddətinin 5 ildən ən azı 7 ilədək uzadılmasını təklif edirlər. Bu, xalqın tələbidir!
Bilirəm, bu “şok” açıqlamadan sonra sizin kimi bir çox “ağzıgöyçəklər” qələmi qılınca döndərib kişini o ki var tənqid edəcək, ona “yalançı, saxtakar, məddah” damğası vuracaqsınız. Amma mən sizə məsləhət görərdim ki, gecə-gündüz qəzet səhifələrində bar-bar bağırmaqdansa, hay-küy qaldırıb problemləri xalqın gözünə soxmaqdansa, göz qabağında olan fakta diqqət yetirin, Süleyman müəllimə inanmırlarsa, gedib o məktubları bir-bir oxuya bilərsiniz.
Yoxsa, bəsdir yalandan realist, inqilabçı, liberal, demokrat, nə bilim dekonstruktiv yazılarınızla, böyük-kiçik yeri bilməyərək adət və mentalitetimizə təpik atmaqla, bizim qəlbi saf, düşüncəsi ülvi, zəkası parlaq, sakit, səssiz, tərbiyəli gəncliyimizin beynini hərzayi fikirlərinizlə zəhərlədiniz. Kifayətdir, ayılın, haqq yoluna gəlin, başınızı qaldırıb ölkəmizdəki bütün sahələrdə gedən parlaq inkişafı görün. Və nəhayət başa düşün ki, böyüklər heç vaxt səhv eləmir. Barı böyüklərimizin burada lap yerinə düşən bu kəlamına qulaq verin, “Elin gözü tərəzidir”.

Hiç yorum yok: