QİYMƏT ARTIMI MƏNƏVİ QİDAYA DA TƏSİR GÖSTƏRDİ
04.02.2007. Tarif Şurasının enerjidaşıyıcılarının və bəzi kommunal xidmətlərin qiymətlərinin qaldırılması ilə bağlı qərarı başqa sahələrə olduğu kimi, mədəniyyət ocaqlarının fəaliyyətinə də təsirsiz ötüşməyəcək. Artıq bu proses teatrların işində özünü göstərməyə başlayıb. Mədəniyyət ocaqlarında biletlərin qiymətinin dəyişib-dəyişməyəcəyi ilə maraqlananda bunun şahidi olduq.Müslüm Maqomayev adına Filarmoniyadan verilən məlumata görə, orada biletlərin qiymətində artım yanvardan sonra baş verəcək. Ancaq onu da bildirək ki, Filarmoniyada biletlərin qiymətlərinin qaldırılmasını mədəniyyət ocağının rəhbərliyi yox, burada konserti təşkil edən qurum həyata keçirəcək. Qiymət artımı Musiqili Komediya Teatrından da yan keçməyəcək. Teatrda əvvəllər biletlər 1-2 manata satılırdısa, artıq buradakı tamaşaları izləmək istəyənlər 3-5 manat ödəməli olacaqlar. Akademik Milli Dram Teatrında hələlik biletlərin qiymətinin bahalaşması gözlənilmir. Teatrın bilet təsərrüfatı üzrə direktor müavini Natiq Gülməmmədovun sözlərinə görə, burada biletlərin qiyməti əvvəlki kimi 3-6 manat arasında dəyişəcək."İbRus" Teatrında hazırda biletlər həmişəki kimi 4 manata olsa da, qiymət dəyişikliyi ilə bağlı məsləhətləşmələrə start verilib. İrəvan Teatrının rəhbəri İftixar Piriyev isə biletlərdəki qiymətlərin artırılması ilə bağlı hələ heç bir tapşırıq almadıqlarını söylədi."Yuğ" Teatrının rəhbəri Vaqif İbrahimoğlu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin qərarını gözləyir: "Müvafiq qərar qəbul olunduqdan sonra, ola bilsin, bizdə də biletlərin qiyməti qaldırılacaq".Opera və Balet Teatrının mətbuat xidmətinin əməkdaşı Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, bu mədəniyyət ocağının biletlərinin qiymətində artım gözlənilir: "Bu ayın sonunda teatrda biletlər 8 manata qaldırılacaq. Hazırda isə biletlər hələ ki 6 manata satılır. Qeyd edim ki, bəzi insanlar qiymət artımının teatrlara heç bir dəxli olmadığını iddia edirlər. Ancaq nəzərə alınmalıdır ki, teatrda da otaqları qızdırmaq, tamaşalar zamanı səhnəni işıqlandırmaq üçün elektrik enerjisindən istifadə olunur. Eyni zamanda, biz afişalar hazırlanması və reklamlar üçün də pul ödəyirik. Artıq bu qiymətlərdə də artım müşahidə edilib. Bu da bizim işimizə təsirsiz ötüşməyəcək".Qeyd edək ki, kinoteatrlarda hələlik qiymət artımı müşahidə olunmur. "Azərbaycan" və "Nizami" kinoteatrlarında biletlərin qiyməti nümayiş olunan filmin səviyyəsindən asılıdır. Bu baxımdan qiymətlər "Azərbaycan" kinoteatrında 6-8 manat, "Nizami" kinoteatrında isə 60 qəpikdir. Amma işləri enerji sərfiyyatı təməlində qurulan kinoteatrlar da yəqin ki, bir müddətdən sonra qiymət siyasətinə yenidən baxmalı olacaqlar.Beləliklə, maddi qidaya indən belə daha çox pul xərcləməyə məhkum edilən Azərbaycan vətəndaşları üçün mənəvi qidanın da qiyməti bahalaşır. Artıq "çörək" (yəni qida) də bahalaşır, tamaşa da. Bu halda əhalinin bir qismi təbii ki, "çörəyə" üstünlük verməyə başlayacaq. Onsuz da anşlaqa tək-tük hallarda rast gəlinən Azərbaycan teatrları indən belə lap "boşala" bilərlər. Bundan isə nə əhali, nə də Azərbaycan mədəniyyəti uda bilər...
Hiç yorum yok:
Yorum Gönder