BAHALAŞMA İNTİHARLARIN SAYINI ARTIRACAQ
04.02.2007. Xəbər verdiyimiz kimi, Naxçıvan MR-in Culfa rayonu Bənəniyar kəndində işıqpulunu ödəməyən vətəndaşlar polisin ciddi təzyiqilə üzləşib. Belə ki, kənd sakinlərindən saycağda qeyd olunan enerjinin haqqı yox, 20 manat tələb edilib. Bu məbləği ödəməyənlər isə rayon Əlincə polis bölməsinə gətirilərək, ağaca bağlanıblar və 6 saat soyuq havada saxlanıblar.Bu barədə mətbuata Bənəniyar sakini Eldəniz Məmmədov məlumat verib. E.Məmmədov onu da bildirib ki, onlarla bahəm, bölmədə digər vətəndaşlar da incidiliblər. Məlumat üçün bildirək ki, ölkə qanunvericiliyində kommunal xərcləri ödəməyən və sayğaclara müdaxilə edən vətəndaşlar barəsində müəyyən cəzaların tətbiqi nəzərdə tutulur. Bu yaxınlarda bir sıra qanunlara edilən dəyişikliklərə əsasən, aidiyyəti qurumlar belələri barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Lakin heç bir qanunda və beynəlxalq normada vətəndaşın evinə polislə basqın etməyə və insanlara fiziki təzyiq göstərməyə icazə verilmir. Bu arada isə Bakı Şəhər Baş Qaz İstismarı İdarəsindən mətbuata bildirilib ki, hökumətə qazpulunu verməyən və sayğaca özbaşına müdaxilə edən vətəndaşın 6 ilədək azadlıqdan məhrum edilməsi ilə bağlı təkliflər verilib. Ölkənin qaz, enerji sistemində zəruri islahatların başa çatmadığı, qiymətlərin insanların imkanlarından qat-qat yüksək səviyyədə bahalaşdığı bir məqamda bu cür inzibati tədbirlərin görülməsi təbii ki, insan hüquq və azadlıqlarına ziddir. Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə, əslində bu hadisələr gözlənilən idi: “Son illərdə hələ həm qazın, həm də digər enerjidaşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı fikirlər səslənəndə biz demişdik ki, bu, Azərbaycan cəmiyyəti, ölkə vətəndaşları üçün faciədir. Artıq biz bunu görürük. Sizin qeyd etdiyiniz məsələlər Tarif Şurasının qiymətartımı ilə bağlı verdiyi qərarın təbii davamıdır”. Hüquq müdafiəçisinin fikrincə, artıq vətəndaşlar vəziyyətin çətinliyinə dözə bilmirlər. Hətta iş o yerə çatıb ki, insanlar intiharlara əl atmaq məcburiyyətində qalıblar: “Azərbaycanda yaşamaq hüququ xalqın əlindən alınıb. Naxçıvanda baş verənlər bu siyasətin davamıdır. Onu da deyim ki, təxminən may ayınadək ölkə vətəndaşları bu ağır yükü daha çox hiss edəcəklər. Bu artımın qarşısında əməkhaqlarının, pensiyaların cüzi qaldırılması problemin həlli demək deyil. Kommunal xərclərin artırılması avtomatik olaraq bütün sahələrdə bahalaşmaya səbəb olub”. Qeyd edək ki, bu günə qədər hüquq müdafiəçiləri siyasi hüquqlardan, sərbəst toplaşmaq azadlığından, söz azadlığından danışırdısa, indi sosial hüquqların pozulması halları önə çıxıb: “2006-cı il total surətdə söz azadlığının pozulması kimi ölkə tarixinə yazıldı, amma artıq bizim ən böyük narahatçılığımız sosial hüquqların pozulmasındandır. Bu da ona görə baş verir ki, Azərbaycan cəmiyyəti susur. Nə qədər ki, bu susqunluq olacaq, insanlar vəziyyətə baş əyəcəklər, bu, baş verəcək və Bənəniyar kəndindəki olay bütün regionlarda təkrarlanacaq”. O ki qaldı 6 illik cəza təklifinə, Səidə xanım bildirdi ki, Azərbaycan qanunları qarşısında hamı eyni dərəcədə cavabdehdir: “Heç kimə sirr deyil ki, elə artıq xətlər çəkən, enerjini, qazı oğurlayanlar mənsəb sahibləridir. Sadə vətəndaşlar bunu etmirlər, çünki balaca bir mənzildə yaşayır, onun nə imkanı, nə də ehtiyacı yoxdur nəyisə oğurlamağa. Amma çox təəssüf ki, əsl oğrular, bu oğurluğun səbəbinə oliqarxlaşanlar qanun qarşısında cavab verməyəcəklər. Zaman göstərib ki, onlar pul müqabilində cəzadan qaçır, sadə vətəndaşlar qalır ortada. Bu qanun imarətləri, villaları səpələnmiş şəxslərə tətbiq edilməlidir, çünki onların oğurladıqları bu xalqın cibindən gedir. Azərbaycan xalqı faciə ilə üz-üzədir, bir millət kimi mövcudluğuna təhlükə var”.Müsavat başqanının müavini Məryəm Oruclu da adamlara qarşı bu cür inzibati tədbirlərdən istifadə edilməsini insanlıqdan uzaq hərəkət sayır: “Hamı bilir ki, istər qiymət bahalaşmasından əvvəl, istərsə də sonra insanlar məcbur olurlar sayğaclara müdaxilə etməyə, başqa yollara əl atmağa. Çünki maddi vəziyyət onları buna vadar edir. Vətəndaşlar heç olmasa minimum yaşayış səviyyəsilə təmin olunmayıblar. Son qiymət artımının müqabilində insanların alacaqlarına edilən cüzi artımlar heç nəyi önləmir. O ki qaldı 6 illik cəzanı nəzərdə tutan təkliflərə, xatırlayırsınızsa, bundan əvvəl Milli Məclisdə buna oxşar qanun qəbul olunmuşdu. Həmin qanunda qanunsuz xəttə qoşulan insanlar üçün 3 ilə qədər cəza və cərimə nəzərdə tutulurdu. Mənə elə gəlir ki, bu, ölkə insanlarının hüquqlarının kütləvi şəkildə pozulmasının təzahürüdür”.Məryəm xanım qeyd etdi ki, bunlarla bahəm, yoxsulluğun səviyyəsinin azalması, insanların güzəranının, yaşayış səviyyəsinin yaxşılaşması ilə bağlı çox yüksək rəqəmlər səsləndirilir: “Adi vətəndaşlar ölkə başçısının dediyi analoqu olmayan iqtisadi inkişafı öz həyatlarında nədənsə hiss eləmirlər. Bir qrup insanlar çox yaxşı, böyük çoxluq isə çox pis yaşayır. İnsanların içərisində böyük bir narazılıq dalğası var. Bu cürə hallar təkcə Naxçıvanda deyil, daha çoxdur və getdikcə də artacaq”.
Hiç yorum yok:
Yorum Gönder