4.02.2007

ELEKTRİK ENERJİSİNİN MAYA DƏYƏRİ ŞİŞİRDİLİR




04.02.2007. Milli Məclisin yaz sessiyasının ilk günündə millət vəkili İqbal Ağazadə son qiymət artımı ilə bağlı maraqlı fikirlərlə çıxış edib. Əsasən elektrik enerjisinin qiymətindəki artımın başadüşülən olmadığını deyən İ.Ağazadə bildirib ki, Azərbaycanda bu məhsulun alınmasında həddən artıq çox mazut istifadə olunur.“Dünya standartlarından, dünya bazarına yaxınlaşmadan daha çox danışan millət vəkilləri niyə unudurlar ki, dünyada bir kilovatt elektrik enerjisinin istehsalı üçün 180 qram, Azərbaycanda isə “Azərenerji” 400 qram mazut yandırır? Niyə bu rəqəmləri dünya standartlarına uyğunlaşdırmaq barədə düşünmürük? Niyə enerjinin alınması üçün bu qədər itkiyə yol verilməlidir və hökümət “maya dəyəri yüksəkdir” deyib bunu əhalidən çıxmalıdır?”“Azərenerji” ilə əlaqə saxlayıb rəqəmlərin nə qədər doğru olduğu və nə üçün bu qədər israfçılığa yol verildiyi ilə maraqlandıq. Qurumun mətbuat xidmətinin rəhbəri Aqşin Kazımzadə suallarımızı belə cavablandırdı: “Bunu İ.Ağazadənin özündən soruşmaq lazımdır. O deyibsə, yəqin ki, düzdür. İqbal Ağazadə millət vəkilidir, amma mən nə millət vəkiliyəm, nə də hüquqşünas”. A.Kazımzadədən istehsalda qazdan mazuta keçidlə əlaqədar elektrik enerjisinin maya dəyərində nə qədər dəyişiklik olduğunu da soruşduq. Lakin sualımıza konkret cavab ala bilmədik: “Qazı bizə 235 dollara satmaq istəyirdilər, amma mazut özümüzünküdür, sizcə, nə qədər qənaət eləmiş olarıq?! Qazın mazutla əvəzlənməsi nəticəsində, bu prosesdə kifayət qədər qənaət edilir”.“Turan” İnformasiya Agentliyinin eksperti İlham Şaban isə bizimlə söhbətində daha maraqlı məqamlara toxundu. Ekspertin sözlərinə görə, ötən ilin yekunlarına görə, Azərbaycanda bir kilovatt elektrik enerjisinin alınması üçün 369,5 qram mazutun işləndiyi göstərilib. Bununla yanaşı, Əli Bayramlı stansiyasında bu rəqəm 450 qrama bərabər olub: “İnkişaf etmiş Avropa ölkələrində elektrik enerjisinin hər kilovattı üçün həqiqətən də 180 qram mazut işlədilir”. Bəs belə bir vəziyyətin yaranmasına səbəb nədir? İ.Şaban bildirdi ki, bu barədə açıqlamanı hökumət verməlidir. Elektrik enerjisinin istehsalında qazdan mazuta keçidlə bağlı hər hansı mənfəətin əldə edilməsinə gəlincə, ekspertin qənaətincə, bu, o qədər də ağlabatan deyil: “Enerjinin alınmasında qazın verdiyi istilik mazutunkundan çoxdur. Bu baxımdan qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir. Hökumət rəsmiləri bunun əksini desələr də, bu, inandırıcı səslənmir”.

Hiç yorum yok: