4.02.2007

Tarif Şurası lap ağ elədi!


İndi də sərnişindaşımanın qiymətləri qaldırıldı!!!


04.02.2007. Fevralın 2-də Tarif Şurası növbəti bahalaşmaya start verib. Amma bu barədə informasiya cəmiyyətdən gizli saxlanılıb.
Qurumun iclasında ölkə ərazisində avtomobil nəqliyyatı ilə şəhərlərarası, şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə daşınma xidmətinin, habelə dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılıb. Şuranın qərarı ilə şəhərlərarası gedişhaqqı bir kilometr məsafə üçün bərk oturacaqlı avtobuslarda 1,5, yumşaq oturacaqlı marşrutlarda isə 1,6 qəpik müəyyən edilib. Xatırladaq ki, köhnə tarifə əsasən, şəhərdə 1 kilometr məsafə üçün gedişhaqqı təqribən 1 qəpik idi. Göründüyü kimi, köhnə tariflərlə müqayisədə artım 50 faiz təşkil edir.Bundan başqa, şəhərətrafı və qəsəbələr arası marşrutlar üzrə xidməthaqqı məsafə 15 km-ədək olduqda 20, 25 km-ədək olduqda 25, 30 km-ədək olduqda 30, 40 km-ədək olduqda 40, 45 km-ədək olduqda 50, 50 km-ədək olduqda isə 70 qəpik təşkil edəcək. Məsafə 50 km-dən çox olduqda isə sərnişinlər 80 qəpik ödəyəcəklər. Şuranın torpaq, kadastr planın hazırlanması, kadastr bazasının yerləşdirilməsi, məsafədən və ölçü nöqtələrindən asılı olaraq fərdi həyətyanı, fərdi bağ və kollektiv kooperativ bağçılıq sahələrinin sahibləri 7-25 manat məbləğində vəsait ödəyəcəklər. Yeni tariflər fevral ayının 12-dən qüvvəyə minəcək.Yada salaq ki, Tarif Şurası heç bir ay olmaz ki, özünün çıxardığı qərarla benzini və dizel yanacağının qiymətini 50 faiz, elektrik enerjisini 3 dəfə, marşrutlarda gedişhaqqını isə 30-40 faiz bahalaşdırmışdı. Bu isə yeni artımdı. Bir çox ekspetrlər və siyasilər bunu proqnozlaşdırmışdılar. Onu da qeyd etmişdilər ki, Azərbaycan xalqı hakimiyyətin soyğunçu addımlarına dözümlü yanaşdıqca, onlara vaxtında və adekvat reaksiya vermədikcə, hakimiyyətin də ayağı yer tutmayacaq. Budur, milli maraqları çoxdan unutmuş hakim qüvvə üstündən bir ay ötməmiş yeni qiymət artımına qərar verdi.Bunun xalqa həqarətdən başqa adı yoxdur. Rejim gerçək mənada millətin heysiyyatı ilə oynayır, onu ələ salır. Görək, xalq budəfəki rəzalətə hansı reaksiyanı verəcək. Heç olmasa, meksikalılar kimi bir milyon insanımız küçələrə çıxacaqmı? Özündənrazı hakimiyyətə hamılıqla “DUR!”, bahalaşmaya “YOX!” deyəcəyikmi? Nəhayət, monqollar kimi həddini aşmış hakimiyyəti yerində oturdacağıqmı?

Hiç yorum yok: