4.05.2007

Məhkəmənin hökmü ilə Rafiq Tağıya 3 il, Samir Sədaqətoğluna isə 4 il iş verilib

04.05.2007. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun və yazıçı-publisist Rafiq Tağının işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesin əvvəlində vəkil İsaxan Aşurov vəsatət qaldıraraq, ötən prosesdə insident yaradan bir qrup dindarın məhkəmə zalından çıxarılmasını tələb edib. Lakin vəsatət təmin olunmayıb. Daha sonra sərbəst ifadə vermək üçün söz istəyən R. Tağı dövlət ittihamçısı Fərhad Rəhimovu Konstitusiyanı pozmaqda günahlandırıb və özünün günahkar olmadığını bildirib. Hakim məhkəmə istintaqının bitdiyini elan etdikdən sonra dövlət ittihamçısı ittihamnaməni oxuyub. O, məhkəmə zamanı hər iki şəxsin cinayətinin sübut olunduğunu bildirərək, R.Tağının CM-nin 283.1 maddəsi ilə 4 il, S.Sədaqətoğlunun isə CM-nin 283.2.2 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslər son sözlərində özlərini günahkar saymadıqlarını bildiriblər. Müşavirədən sonra hakim Y.Kərimov məhkəmənin qərarını elan edib. Məhkəmənin hökmü ilə R.Tağı 3 il, S.Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.Prosesdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Rebekka Nedland məhkəmənin hökmündən sonra jurnalistlərə açıqlama verib. R.Nedland bildirib ki, ABŞ səfirliyi R.Tağının öz məqaləsində ifadə etdiyi fikirlərlə şərik deyil: “Lakin biz onun və hər bir Azərbaycan vətəndaşının öz fikrini azad şəraitdə ifadə etmək hüququnu dəstəkləyirik. Bu qərar Azərbaycanda söz və mətbuat azadlığına qoyulan və bizi narahat edən lüzumsuz məhdudiyyətlərin növbəti nümunəsidir”.

Hiç yorum yok: