22.01.2007

BAHALAŞMA MƏMURLAR ÜÇÜN ƏLAVƏ GƏLİR MƏNBƏYİDİR




22.01.2007.Azərbaycanda neft pullarının iri investisiya layihələrinə qoyulmasına ekspertlər normal yanaşmırlar. Bildirilir ki, bu cür hallar son nəticədə mənimsəməyə, gəlirlərdən səmərəsiz istifadəyə səbəb olacaq. Məsələn, 21 km-lik Bakı Dairəvi yolu ilə bağlı layihənin iki dəfəyədək artıb 50 milyona çatması bu fikirlərin haqlı olduğunu deməyə əsas verir. Hətta nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, son qiymət artımı ilə əlaqədar layihənin dəyəri bir az da bahalaşa bilər.İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşərkən Nigeriyaya neft gəlirlərinin axdığı vaxtlarda baş verən hadisəni xatırlatdı: “Həmin vaxtlarda iki federal ştatda poladəritmə zavodu tikilmişdi. Onu da qeyd edim ki, burada federal ştatlar mərkəzi hakimiyyətdən daha çox neft pulları götürmə uğrunda mübarizə aparıblar. Əvvəl 1 milyard dollara hesablanan layihələr sonradan 6 milyard dollara başa gəldi. Burada təbii ki, həm korrupsiya, həm də inflyasiya rol oynamışdı. İndi o zavodların heç biri 20 faizdən artıq istehsal gücündən istifadə edə bilmirlər”. Ekspertin sözlərinə görə, indiki halda Azərbaycanda da qiymət artımından müəyyən qruplar daha çox bəhrələnirlər. Xüsusilə də böyük investisiya layihələrini həyata keçirənlər: “Bilirsiniz ki, dövlət büdcəsindən sənaye-tikinti xərclərinə xeyli vəsait ayrılıb. Hesab edirəm ki, tənzimlənən qiymətlərin bahalaşmasından sui-istifadə halları artıb. Ona görə də neft pullarının bu cür layihələrə yönəldilməsinin tərəfdarı deyiləm. Ümumiyyətlə, nəqliyyat sektorundakı tikinti-bərpa işlərində qiymət bahalaşması, süni istifadə halları çoxalacaq. Artıq bunun əsası da qoyulub. Smeta dəyərindən kənarlaşmalar, bahalaşmalar geniş xarakter alacaq. Bu da son nəticədə vəsaitlərin səmərəsiz istifadəsinə gətirib çıxaracaq”.İqtisadi İnkişaf Nazirliyi bazarlarda qiymətləri tənzimləmək istiqamətində müəyyən tədbirlərin həyata keçiriləcəyini elan edir. Q.İbadoğlu bildirdi ki, nazirliyin bu cəhdləri həm bazar modelinin prinsiplərinə uyğun deyil, həm də konseptual baxımdan burada yanlışlıq var: “Müəyyən tənzimləmə mexanizmləri görsənmir, sadəcə olaraq, bir sıra istiqamətlərdə təsir vasitələri işə salınır, bu da ki, problemlər yaradacaq”. Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra bazarlarda hətta xırda alqı-satqı ilə məşğul olanlar da nəzarət-kassa aparatlarından istifadə etməlidir. Qanuna təzə edilmiş bu əlavədən yayınanları yüksək məbləğdə cərimə gözləyir. Espertin bildirdiyinə görə, nəzarət-kassa aparatlarından istifadə etməməyə görə cərimələrin çoxalması sahibkarlara ciddi problem yaradır: “Düzdür, sahibkarlar indiki halda bütün satışlarını kassadan keçirmirlər, amma burada da bir ədalətsizlik var. Məsələn, təsəvvür edin ki, 2 manatlıq konturu satan şəxs bu 2 manatın 4 faizini vergi olaraq verməlidir. Halbuki həmin konturdan ona cəmisi 10 qəpik qazanc qalır. Bu 10 qəpiyin 8 qəpiyi gedir vergiyə, yerdə qalan 2 qəpiklə sahibkar işçi də saxlamalıdır, digər xərcləri də ödəməlidir. Hazırda bu məsələ ilə bağlı ciddi narazılıqlar var və mənim fikrimcə, hökumət bununla bağlı düşünməlidir”.

Hiç yorum yok: