QİYMƏTLƏR ENDİRİLSƏ, MİTİNQLƏR NƏ OLACAQ?
22.01.2007. Xəbər verdiyimiz kimi, bu həftə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətinin artırılmasına etiraz olaraq yanvarın 26-da “Azadlıq” bloku, 28-də isə Müsavat Partiyasının təşəbbüsü ilə yürüş-mitinqlərin keçirilməsi qərara alınıb. Aksiyalarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə artıq müraciət olunub.Digər məlumatlara görə isə, enerjidaşıyıcılarının qiymətləri endirilə bilər. Belə ki, ölkə başçısının rəhbərliyi ilə bu gün geniş müşavirə keçirəcəyi gözlənilir. Əgər qiymətlərin endirilməsi baş versə, mitinqlər qüvvəsində qalacaqmı?Müsavat başqanının müavini Mehman Cavadoğlu bizimlə söhbətində qeyd etdi ki, müşavirədə hansısa köklü dəyişikliklərin ediləcəyini gözləmirlər. Bu baxımdan da nəzərdə tutulan mitinq çox güman ki, qüvvəsində qalacaq. Meriyanın icazə verməyəcəyi təqdirdə isə, mitinqin keçirilib-keçirilməməsi ilə bağlı partiyada müzakirələr aparıldıqdan sonra qərar veriləcək. AXCP sədrinin müavini Həsən Kərimov da qiymətlərin endiriləcəyinə inanmır: “Bunu ağlabatan hesab etmirəm. Çünki qiymət artımı siyasəti birbaşa dövlət başçısının göstərişi ilə həyata keçirilib. Amma müşavirədən sonra belə bir şey baş verərsə, bunu alqışlamaq lazımdır. Təbii ki, belə olacağı təqdirdə, mitinqin keçirilib-keçirilməməsi məsələsi müzakirə olunandan sonra qərar qəbul ediləcək”.
Hiç yorum yok:
Yorum Gönder