22.01.2007

DİLƏNÇİLƏR DƏ QİYMƏTİ QALDIRIBLAR




22.01.2007.Qiymətlər qalxandan bəri bir neçə dəfə belə bir sualla rastlaşmışam - görəsən qiyməti enən nə isə varmı? Özüm də nə qədər fikirləşirdim, bu suala bir cavab tapa bilmirdim. Təbii ki, heç bu cavab mövcud da deyil... Amma Hüseyn Cavidin adını daşıyan bağın yanından keçərkən təxminən 5-6 yaşlarında olan dilənçi oğlanın məndən pul istəməsi bu suala cavab tapmağıma kömək elədi.Cibimdə olan iki qəpikdən birini - 5 qəpikliyi ona vermək istədim. Götürmədi... “Onu neynirəm, heç nə düşmür ona, “Nizami” ver” dedi. Cibimdəki digər pulu - 50 qəpiyi çıxarıb verdim, sevinə-sevinə verdiyim bir neçə suala cavab verdi və getdi. Hər ikimiz sevinc içindəydik, çünki hər ikimiz qazanmışdıq. O, pul qazanmışdı, mən isə çoxdan bəri hətta “Yeni Müsavat”ın kollektivi olaraq bizləri də düşündürən bir suala cavab tapmışdım. Deməli, son bahalaşmadan sonra qiymətdən düşən bir şey var: 5 qəpiklik! Təbii ki, bu, qətiyyən sevindirici hal deyil, amma fikrimcə, neçə müddətdən bəri bizləri narahat edən suala cavab tapmaq hamının könlüncə olar.Maraqlıdır, dilənçilər üçün tarifləri kim müəyyənləşdirir? Məsələn, bu 5-6 yaşlı oğlan nə anlayır ki, 5 qəpiyin dəyəri yoxdur? Təbii ki, onu da sədəqə istəyəcəyi pulun məbləğini başa salan birisi var. Özünün dediyinə görə, bu, onun anasıdır. Hər gün gətirib onu Cavid bağının yanına qoyarkən tapşırır ki, 5 qəpik verən olanda götürmə, ya birini də istə, ya da birdəfəlik “Nizami” istə. “Elə hamı 5 qəpik verir, heç fikirləşmirlər ki, buna heç nə düşmür” deyə şikayətlənir də bu balaca oğlan. Dilənçilərə 10 qəpik verin, cənablar, 5 qəpiyə heç nə düşmür!

Hiç yorum yok: