Bu gün hər şey bəlli olacaq!
İlham Əliyev tarifləri endirəcəkmi?
22.01.2007. Yeni Müsavat. Azərbaycanın dövlət başçısı artıq iki gündür ölkədədir. Düzdür, bu günlərdən biri matəm, digəri isə istirahət gününə təsadüf edir və bu arada bahalaşma ilə bağlı İlham Əliyevin hər hansı münasibət bildirməsi bəlkə də mümkün deyildi. Amma bizdə olan məlumatlara görə, bu gün İ.Əliyevin sədrliyi ilə hökumətin yenidən toplanacağı gözlənilir. Xatırladaq ki, bir neçə gün öncə Nazirlər Kabinetində baş nazirin rəhbərliyi ilə keçən toplantıda da son qərar müzakirə mövzusu olmuşdu. Həmin müzakirələr zamanı bir sıra sosial ödəmələrin artırılması əsas məsələ kimi diqqətdə olub.İndi İ.Əliyevin iştirak edəcəyi müzakirədə konkret qərarların verilməsi və üstəlik, elektrik enerjisinin qiymətinin nisbətən aşağı salınması gözlənilir. Məlumatı redaksiyamıza verən mənbənin bildirdiyinə görə, elektrik enerjisinin bahalaşması bir çox mal və xidmətlərin qiymətində ciddi artıma səbəb olduğundan, qərarın məhz bu hissəsində dəyişikliyin edilməsi məsləhət görülüb.Müstəqil ekspertlər isə dövlət başçısının artırılmış qiymətləri yenidən aşağı salacağına inanmırlar. Onların fikrincə, bu iqtisadi cəhətdən izaholunmaz bir addımdır və çox ağır nəticələri ola bilər. Pensiya və əmək haqlarının, ümumiyyətlə, bir sıra sosial ödəmələrin artımına gəlincə, ekspertlərin qənaətincə, bu da mümkünsüz bir şeydir. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, bunu gözləyənlərin ümidləri doğrulmayacaq və hətta bəzi sahələrdə qiymətlər daha da bahalaşacaq: “Çünki indiki halda bu yöndə gözləntilər olduğundan elektrik enerjisinin maya dəyərində xüsusi çəkisi yüksək olan təşkilatlar hələ öz qiymət siyasətlərinə yenidən baxmayıblar. Heç nəyin dəyişmədiyini görəndə, təbii ki, onlar qiymətlərini qaldırmağa məcbur olacaqlar”.
Pensiya və əmək haqlarının artırılmasına gəlincə, ekspertin sözlərinə görə, əvvəla, əmək haqlarının və pensiyaların artırılması məsələsi büdcə ilə həll edilir: “O zaman biz büdcəyə də yenidən baxmalıyıq. Heç büdcənin özündə də əmək haqlarının artırılması üçün o qədər böyük məbləğ nəzərdə tutulmayıb. Büdcə sferasında biz maksimum 25 faizlik əməkhaqqı artımı gözləyirik, bundan yuxarı artımdan danışmağa dəyməz. Digər tərəfdən, kəskin əməkhaqqı artımı iqtisadi cəhətdən müəyyən çətinliklər yaradacaq. Bu çətinliklərin yaranması bir növ inflyasiya amili ilə də bağlı olacaq. Çünki əməkhaqqı gəlirləri ilə qiymət artımının yarışması son nəticədə, təbii ki, qiymətlərin daha da bahalaşmasına təkan verəcək. Bu da inflyasiyanın artmasına səbəb olacaq”.Ekspertin sözlərinə görə, ünvanlı sosial yardım proqramını genişləndirmək də mümkün deyil. Çünki bunun üçün qanuna dəyişiklik etmək lazımdır: “Xüsusilə də gəlirlərin hesablanması ilə bağlı bəzi məqamlar var ki, ünvanlı sosial yardımı əldə etmək üçün problem yaradır. Dünya bazarında neftin qiymətinin ucuzlaşması da dövlət büdcəsinin imkanlarını zəiflədir. Bilirsiniz ki, neft gəlirlərinin büdcənin formalaşmasında kifayət qədər böyük rolu var. Ona görə də hökumət bir neçə istiqamətə yenidən baxmalıdır. Birincisi, büdcəyə yenidən baxılmalıdır, ikincisi əmək haqlarının indeksləşdirilməsinə getməlidir, üçüncüsü, hesab edirəm ki, ünvanlı sosial yardımın hesablanması üçün ehtiyac meyarına, yoxsulluğun ölçülməsi üçün yaşayış minimumunun dəyərinə, habelə pensiyanın baza hissəsinə yenidən baxılmalıdır. Sosial sahədə ölkənin siyasəti real olmalıdır. Bütövlükdə yanaşdıqda isə büdcədən ayrılan vəsaitlə heç nə etmək mümkün olmayacaq”.
Hiç yorum yok:
Yorum Gönder