BU GÜN MİTİNQDİR
Aksiya saat 16-dan 18-dək metronun Həzi Aslanov stansiyası Ukrayna meydanı marşrutu üzrə keçiriləcək
28.01.2007.Bu gün Müsavat Partiyası “Enerjidaşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması qərarının icrası dayandırılsın!” şüarıyla yürüş-mitinq keçirəcək. Aksiya saat 16-dan 18-dək davam edəcək. Metronun Həzi Aslanov stansiyasından Ukrayna meydanınadək yürüş keçiriləcək və elə həmin meydanda mitinq baş tutacaq. Aksiyanın keçirilməsi hakimiyyətlə razılaşdırılıb. Dünən Mitinq Komitəsinin üzvləri aksiyanın keçiriləcəyi meydana baxış keçiriblər. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, bu marşrutla bağlı bəzi texniki problemlər mövcud olsa da, partiya bunları yoluna qoymağa çalışıb.“Bu ərazidə ilk dəfədir ki, yürüş-mitinq keçirilir. Ora elektrikin çəkilməsi, tribunanın qurulması ilə bağlı müəyyən çətinliklər var. Amma biz bütün bunları yoluna qoymağa çalışıb, təşkilati-texniki tədbirlər həyata keçiririk. Eyni zamanda partiyanın strukturlarında da aksiya ilə bağlı hazırlıq işləri davam edir. Artıq yürüş-mitinqin şüarlarının, plakatlarının hazırlanması prosesi başa çatıb. Əhali arasında təbliğat işləri davam etdirilir. Müsavatçılar, xüsusən də partiyanın Gənclər Təşkilatının üzvləri paytaxtda, ən çox da Ukrayna dairəsinə yaxın olan yaşayış massivlərində təbliğat-informasiya işləri aparıblar. Çünki əhalinin xeyli hissəsinin aksiyanın keçirlməsi, onun yeri, vaxtı barədə məlumatı yoxdur. Televiziya kanallarının bu məsələlərdə bizi informasiya blokadasına alması təbii ki, müəyyən çətinliklər yaradır. Ona görə də şifahi qaydada bu problemi həll etməyə çalışırıq”.Aksiya ilə bağlı müxtəlif təbliğat vasitələrindən istifadə olunub. Vətəndaşların mobil telefonlarına yürüş-mitinqə çağırış mesajları göndərilib, evlərə vərəqələr paylanıb. Hətta Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın aksiyasına verdiyi razılıq məktubunu da çoxaldaraq, vərəqələr şəklində Bakı sakinlərinə paylayıblar: “Biz hesab elədik ki, insanların vəziyyət barədə daha dəqiq məlumatının olması üçün bu vacibdir. Çünki əvvəlki aksiyalarda hakimiyyətin rəvac verdiyi zorakılıqlar əhali arasında müəyyən narahatlıqlar yaradıb. Ona görə də biz həm də bu yolla vətəndaşlarımıza çatdırmaq istəyirik ki, biz razılaşdırılmış aksiya keçiririk və bugünkü yürüş-mitinqdə hər hansı zorakılıq hərəkətləri olmayacaq”.Xatırladaq ki, Müsavat bu gün keçirəcəyi aksiya ilə bağlı ölkədə fəaliyyət göstərən digər qüvvələrə də birgə kütləvi tədbirin keçirilməsini təklif edib. Srağagün Müsavat başqanı İsa Qəmbər keçirdiyi mətbuat konfransında bir daha bütün siyasi qüvvələrə, ictimai təşkilatlara müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb. Müsavatın müraciətini xeyli siyasi partiya müsbət cavablandırıb və aksiyaya dəstək verəcəklərini bəyan ediblər. Ümid Partiyası üzvlərinin və rəhbər strukturlarının aksiyada iştirakı barədə rəsmi qərar verib. Müsavatın müttəfiqi olan siyasi qüvvələrdən Azərbaycan Xalq Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik Sağ Partiyası, Milli Etimad Partiyası, Demokratik Birlik Partiyası, Əhrar Partiyası, Yeni Turan Partiyası, Demokratik Sosialist Xalq Partiyası, Əmək Partiyası da 28 yanvar aksiyasında fəal şəkildə iştirak edəcəklərini bəyan ediblər.ADP üzvlərinin və partiyanın rəhbərliyində təmsil olunan şəxslərin də Müsavatın yürüş-mitinqində iştirakı ilə bağlı razılıq əldə olunub. AMİP isə öz üzvlərinə aksiyada iştirakla bağlı sərbəstlik verib.KAXCP sədri Mirmahmud Mirəlioğlu isə dünən “Yeni Müsavat”a açıqlamasında bildirib ki, partiya üzvləri Müsavatın yürüş-mitinqində iştirak edəcəklər: “Biz yürüş-mitinqin təşkilati işlərində iştirak etmədiyimiz üçün partiya olaraq aksiyaya qatılmaq barədə qərar verməmişik. Amma partiyamızın üzvləri aksiyaya qatılacaqlar”.Müsavatın Mitinq Komitəsi isə qəzet vasitəsilə aksiyaya qatılmaq istəyənlərin nəzərinə aşağıdakı detalları da çatdırır. Məlumatda qeyd olunur ki, Ukrayna meydanı iki metro stansiyasının (Əhmədli və Həzi Aslanov) yaxınlığında yerləşdiyi üçün yürüş-mitinqə metro ilə gəlmək daha sərfəlidir. Yürüşdə iştirak etmək istəyənlər Həzi Aslanov metrosundan çıxmalı, ancaq mitinqdə iştirak etmək istəyənlər isə Əhmədli metrosundan çıxaraq meydana gəlməlidirlər. Həmçinin bildirilir ki, şəhərin əksər nöqtələrindən bu ünvana marşrut avtobusları (169, 242, 215, 104, 275, 247, 247-T, 62, 245, 83, 147, 150, 2 və s. nömrəli) ilə də gəlmək olar.Müsavatın bugünkü aksiya ilə bağlı xalqa müraciətində bildirilir ki, iqtidarın səriştəsiz siyasəti nəticəsində ölkə çox ağır sosial-iqtisadi fəlakət girdabına yuvarlanıb. Belə bir zamanda hər kəs siyasi fəallıq nümunəsi göstərməlidir: “Hakimiyyətin xalqa zidd addımlarına etiraz, müqavimət təşkil olunmasa, vəziyyət getdikcə pisləşəcək. Müsavat bütün vətəndaşları yürüş-mitinqdə iştirak etməyə, hakimiyyətin xalqa zidd olan qərarlarına qarşı etiraz bildirməyə çağırır”.Dünən günün sonunda bu gün keçiriləcək yürüş-mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin və Müsavatın Mitinq Komitəsinin rəhbərliyi arasında görüş keçirilib. BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və digər rəhbər şəxslərlə görüşdə Müsavatın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı, Xətai təşkilatının sədri Vidadi Hüseynli və aksiya ilə bağlı müraciət müəlliflərindən biri Şahin Hüseyn iştirak edib. Polis idarəsinin təşəbbüsü ilə baş tutan görüşdə kütləvi tədbirin təhlükəsizliyi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. A.Hacılı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, BŞBPİ rəhbərliyi ilə bəzi təşkilati-texniki məsələlərlə bağlı razılıq əldə olunub. Belə ki, bu gün saat 15-dən etibarən Xətai Rayon Yol Polisi İdarəsi tərəfindən yürüş keçirilən Məhəmməd Hadi küçəsində və mitinqin keçiriləcəyi Ukrayna meydanına gələn başqa yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Aksiyanın sərbəst şəkildə baş tutması, hər hansı problem olmaması üçün müvafiq tədbirlər görüləcək. BŞBPİ əməkdaşları ilə aksiya təşəkilatçıları arasında yürüş-mitinqin gedişində hər hansı problem üzə çıxacağı halda, birgə tədbirlər həyata keçirilməsi barədə də razılıq əldə olunub.
Hiç yorum yok:
Yorum Gönder