16.01.2007

Deyin, qiymətləri endirəcəklər...



Deyin, qiymətləri endirəcəklər,
Birtəhər başını yozun xalqımın.
Yanan bazarları söndürəcəklər –
Söyləyin, söndürün közün xalqımın.

Söyün BMF-i, DB-ni söyün,
Çevirib arada rəhbəri öyün.
Deyin, o, Qordi tək kəsəcək düyün,
Doldurun kül ilə gözün xalqımın.

«Xəbəri yox imiş» - boyat bayatı,
Verin cəsarətlə bu bəyanatı.
Deyin, dəyişəcək xalqın həyatı,
Hələlik nazına dözün xalqımın.

Əmr edin, TV-lər versin əyləncə,
Aktual söhbətlər qoyulsun dincə.
Rəqiblər millətə xitab edincə,
Kontr-planını pozun xalqımın.

İşdir destruktiv olsa camaat,
Basın polisləri önə o saat.
Zakir Həsənovun itləri rahat
Didib-dağıdacaq dizin xalqımın.

Bitsin ajiotaj, tezcə sovuşsun,
Hamı sakit olsun, sülhə qovuşsun.
Yeni məzənnəyə tamam yovuşsun,
Sonra məzarını qazın xalqımın

Hiç yorum yok: