24.01.2007

ƏHALİ NARAZIDIR


24.01.2007. İlham Əliyevin keçirdiyi müşavirə ölkədə bahalaşmanın durdurulacağı ilə bağlı son ümidləri də öldürdü. Ölkə başçısının enerjidaşıyıcılarının qiymətlərində nəzərə çarpacaq dəyişikliklər edəcəyi gözlənilsə də, o, əmək haqları və təqaüdləri cüzi şəkildə artırmaqla, eyni zamanda müxalifəti qiymət artımından istifadə edərək, xalqı etirazlara çağırmaqda ittiham etdi. Bəs, əhali necə düşür? Atılan addımlar onların probleminin həlli üçün yetərlidirmi?Paytaxtda keçirdiyimiz kiçik sorğu zamanı bu sualın cavabını sakinlərin öz dilindən eşitməyə çalışdıq. İ.Əliyevin qiymət artımının zəruriliyilə bağlı səsləndirdiyi fikirlərə respondentlərin əksəriyyəti son dərəcə kəskin reaksiya verdi. Sorğu zamanı əhalinin narazılığının daha da artdığının şahidi olduq.Çörək sexində fəhlə işləyən Əli Həsənov: “Benzin, işıq, supulunun artması kasıbın belini qırdı. Belə çıxır ki, camaat hər yerə piyada getməlidir, işıq, su üzünə həsrət qalmalıdır. Yediyi də ancaq quru çörək olmalıdır. Hökumətin iclası camaatın gözündən pərdə asmaq üçün idi. Bütün xalq ayağa qalxıb, bu vəziyyətə öz etirazını bildirməlidir”. Tovuz rayon sakini, təqaüdçü Kamil Musayev: “30 il baytar işləmişəm. Zəhmətimin müqabilində çox az təqaüd alıram. Rayondan bura müalicəyə gəlmişəm. İynə-dərman od qiymətinədir, yaşamaq olmur.Poçt işçisi Telman Cəfərov: “Ümid edirəm ki, hökumət əvvəl-axır bu camaatı razı salan bir iş görəcək. 1-2 manat artımla əhalinin başını ovutmaq olmaz”.Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin işçisi Əli Rəhimov: “Bahalaşmadan sonra işıq yandırmağa da qorxuruq ki, xərcimiz çox çıxar. Dünən (srağagün - N.) keçirdiyi iclasa baxdım, çox hirsləndim. Bahalaşmayla bağlı iqtidar müxalifəti qınayır. Nə səbəbə? Mən müxalifətçi deyiləm. Amma bu məmləkətin biçarə, ailəsinin yanında başıaşağı qalan bir sakini kimi bahalaşmadan çox narazıyam. Qiymətlər qalxıb ceyran belinə. 27 ”şirvan" maaş alıram. Bu məvaciblə ailəmi necə dolandırım?!”Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı Çingiz Sərdarov: “Müharibə iştirakçısı kimi cəmi 10 ”şirvan" təqaüd alıram. Ailəmi müəllim atam dolandırır. Ayağım qəlpəylə doludur. (Sol ayağını açıb göstərir. Qançır olmuş ayağında qabarmış qəlpələrin yeri görünür). Məni döyüşməyimə də peşman etdilər. Bu hökumətin hansısa bir ədalətli iş görəcəyinə inanmıram”.Zəngilan köçkünü Bayram Heydərov: “Camaatın güzəranıyla maraqlanan yoxdur. Özbaşınalıq baş alıb gedir. Kasıb çalışıb öz başını qorumalıdır”.Ermənistan qaçqını Şahmurad Hacıyev: “Qızım Xatirə Abdullayeva şəhid ailəsidir. Bir övladı ilə evsiz qalıb. Hara yazmışıq, faydası olmayıb. Əgər bu ölkədə şəhid ailəsi baxımsız qalırsa, onda bu hökumətdən nə gözləyək?!”

Hiç yorum yok: