24.01.2007

MÜXALİFƏT NİYƏ BİRGƏ AKSİYA KEÇİRMİR?


Əli Kərimli Müsavatla birgə aksiya keçirilməsinin əleyhinə çıxıb


24.01.2007. Enerjidaşıyıcıların qiymətinin artırılmasından sonra «Azadlıq» bloku və Müsavat Partiyası etiraz mitinqləri keçirilməsi barədə qərar verdi. Bu, nə qədər alqışlanası qərar olsa da, ölkənin aparıcı müxalif qüvvələrinin ayrı-ayrılıqda aksiya keçirmək niyyəti təəssüf doğururdu. «Azadlıq» blokunun təmsilçiləri bunun başlıca səbəbini Müsavatın icazəsiz aksiyaların tərəfdarı olmaması ilə izah edirdilər. Müsavat Partiyası isə hakimiyyətin zor tətbiq etməyəcəyinə qarantiya olmadığından tərəfdarlarını icazəsiz aksiyalara çıxarılmayacağını bildirirdi.
Təbii ki, bütün bunlar məsələnin görünən tərəfləridir. Etibarlı mənbədən aldığımız məlumata görə, birgə etiraz aksiyalarının təşkil edilə bilməməsinin əsl səbəbi müxalifət liderlərinin özəl maraqları və ambisiyaları olub. Məsələn, Müsavat rəhbərliyinin icazəsiz aksiyalar keçirməklə partiya üzvlərini və tərəfdarlarını 2008-ci il prezident seçkilərinə qədər zərbə altında qoymaq istəmədiyi bildirilir. «Azadlıq» blokuna gəldikdə isə, mənbənin iddiasına görə, bu qurumun üzvləri birgə aksiya keçirməməklə parlamentə getmək qərarı verdikdən sonra Müsavatın azalan nüfuzunu qaldırmaq yox, onu bir qədər də gözdən salmaq iddiasında olublar. Bu məsələdə Müsavat başqanı İsa Qəmbərin müxalifətin prezidentliyə vahid namizədi olmaq iddiasından geri çəkilməməsi əsas rol oynayıb. Çünki İ.Qəmbər yalnız namizədliyinin dəstəklənməsi iddiasında bulunur və bu iddiasından geri çəkilmək istəmir.
«Azadlıq» bloku daxilində əvvəlcədən aksiya ilə bağlı vahid mövqe olmayıb. Qeyd edək ki, mitinqlə bağlı qərar verilsə də, ADP funksionerləri arasında bununla razılaşmayan və icazəsiz aksiyalara partiya üzvlərinin qatılmayacağını bəyan edənlər də var. Onların ADP sədri Rəsul Quliyevin birbaşa diqtəsi ilə hərəkət etdikləri söylənilir. Mənbənin bildirdiyinə görə, ADP sədri indiki məqamda normal mitinq keçirilərsə AXCP sədri Əli Kərimlinin nüfuzunun artacağını düşünür.
Digər bir məlumata görə, «Azadlıq» blokunun ayrıca mitinq keçirməsi ideyası AXCP sədrinə məxsusdur. Xatırladaq ki, bahalaşmadan dərhal sonra Müsavat mitinq keçirmək istəyində olduğunu bəyan edib və partiya başqanının müavini Arif Hacılı aksiyaların birgə keçirilməsi üçün «Azadlıq» bloku ilə müzakirələrə başlayıb. O, öncə ADP sədrinin I müavini Sərdar Cəlaloğlu ilə görüşüb. S.Cəlaloğlu A.Hacılıya konkret bir söz deyə bilməyəcəyini, birgə mitinqlə bağlı məsələnin blokun Sədrlər Şurasında müzakirəyə çıxarılacağını və qəti mövqenin orada açıqlanacağını bildirib.
Sədrlər Şurasında məsələ müzakirə edilərkən AXCP sədri Ə.Kərimli bunun əleyhinə çıxıb və Müsavatla birgə mitinq təşkil etməyin mümkünsüzlüyünü bəyan edib.

Hiç yorum yok: