İlqar Qasımov: “Heç bir müxalifət partiyası kütləvi aksiya keçirməyə qadir deyil”
16.01.2007. MOSKVA. “Reabilitasiya dövrü bitdikdən sonra Azərbaycana qayıdacağam”. Bunu APA-ya açıqlamasında hazırda Moskva şəhərində yerləşən klinikaların birində müalicə olunan Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov deyib. Moldova polisinin baş verən qəza hadisəsi ilə bağlı istintaq apardığını söyləyən İ. Qasımov işin gedişindən hələ məlumatlı olmadığını bildirib. O, Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı verdiyi qərara da toxunaraq müxalifət partiyalarını ittiham edib: “Onlar cəmiyyəti yenə aldatmaqla məşğul oldular. Bir daha bəlli oldu ki, heç bir müxalifət partiyası kütləvi aksiya keçirməyə qadir deyil. Hətta prezident olmaq istəyən partiya sədri də geri çəkildi. Parlamentin deputatları isə bu haqda əvvəlcədən məlumatlı olublar və indi özlərini bilməməzliyə vururlar”. Qeyd edək ki, AYSH sədri İ. Qasımov 2006-cı il dekabrın 28-də yerli vaxtla saat 14.00 radələrində Kişinyovdan Kiyevə gedərkən Moldovanın Dubossarı şəhəri yaxınlığında avtomobil qəzasına düşüb. Ciddi bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən İ. Qasımov hazırda Moskvada reabilitasiya kursu keçir.
Hiç yorum yok:
Yorum Gönder