12.01.2007

Minimum əmək haqqının artırılması təklif olunur


12.01.2007. BAKI. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) enerji daşıyıcılarının son qiymət artımının əhalinin yaşayışına mənfi təsirinin aradan qaldırılmasına dair öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə APA-ya AHİK-in şöbə müdiri Çingiz Tağıyev məlumat verib.
Ç.Tağıyev bildirib ki, konfederasiya hökumət qarşısında minimum əmək haqlarının, yaşayış minimumunun, pensiyaların baza hissəsinin və ehtiyac meyarının artırılması təklifi ilə çıxış edib. Hazırda təkliflər hökumətdə müzakirə olunur.
«Konfederasiya minimum əmək haqlarının, ehtiyac meyarı, yaşayış minimumu və pensiyaların baza hissəsinin qiymət artımına mütənasib şəkildə artırılmasını təklif edir», - deyə Ç.Tağıyev əlavə edib.
Qanunvericiliyə əsasən, qiymət artımından əvvəl hökumətin bu məsələni AHİK ilə müzakirə etməli olduğunu deyən Ç.Tağıyevin sözlərinə görə, konfederasiya qiymət artımından yalnız qərar elan edildikdən sonra xəbər tutub.
AHİK rəsmisi həmçinin vurğulayıb ki, konfederasiya Nazirlər Kabinetinin təsdiq etdiyi istehlak səbətinə daxil olan mal və xidmətlərin siyahısının artırılmasını da istəyir. Hazırda istehlak səbətinə 200 adda mal və xidmətlər daxildir. Buna baxmayaraq, Dövlət Statistika Komitəsi isə hər il 375 adda mal və xidmətin qiymətlərini hesablayır.
Qeyd edək ki, «Yaşayış minimumu haqqında» qanuna əsasən, hökumət istehlak səbətinə hər 3 ildən bir baxır.

Hiç yorum yok: