14.01.2007

QİYMƏTLƏR İLHAM ƏLİYEVİN GÖSTƏRİŞİLƏ ARTIRILIB


Dövlət başçısı bununla bağlı dekabrın 22-də fərman verib

14.01.2007. “Bakinski raboçi” qəzetinin dünənki sayında “2007-ci il üçün Azərbaycanın dövlət büdcəsi haqqında” dövlət başçısının dekabrın 22-də verdiyi fərmanın mətni dərc edilib. Fərmanın 14-cü bəndində deyilir: “Azərbaycan Respublikası Tarif Şurasına tapşırılsın ki, mövcud mənzil-kommunal xidməti tariflərini və xərc normalarını iki ay müddətində təkmilləşdirməklə təsdiq etsin". Bu bənd İlham Əliyevin qiymətlərin artırılması barədə Tarif Şurasının gözlənilən qərarından xəbərsiz olması barədə iddiaların əsassız olduğunu göstərir. Fərmandan tam aydın olur ki, qiymət artımı bilavasitə İlham Əliyevin göstərişilə həyata keçirilib və əvvəlcədən düşünülmüş şəkildə bu, ölkə başçısının istirahətdə olduğu bir vaxtda reallaşdırılıb.
Bu isə bir neçə amillə bağlıdır. Hakimiyyət qiymət artımının ölkədə ciddi etirazlara səbəb olacağını əvvəlcədən proqnozlaşdırdığından bahalaşma qərarını ona görə İ.Əliyev ölkədə olmadığı bir vaxtda açıqlayıb ki, vəziyyət gərginləşsə, geri çəkilmək üçün manevr imkanları olsun. Elə etirazlar bir qədər artan kimi Tarif Şurasının qərarından İ.Əliyevin xəbərinin olmaması, onun ölkəyə dönən kimi, nazirləri cəzalandıracağı ilə bağlı dövriyyəyə buraxılan xəbərlər də bu məqsədə xidmət edirdi.
Rejim bununla həm də etirazları bir qədər sakitləşdirmək və ictimai rəyi yoxlamaq niyyəti güdürdü. Amma ölkə vətəndaşları arasında çox az adam İ.Əliyevin Tarif Şurasının qərarından xəbərsiz olması haqda məlumatlara inandı. Çünki bütün məsələlərin birinci şəxsin iradəsindən asılı olduğu bir ölkədə hakimiyyətin hansısa qolunun müstəqil qərar verməsi, atacağı addımları dövlət başçısı ilə əvvəlcədən razılaşdırmaması kimi hallara rast gəlinmir. Burada söhbət yalnız dar ayaqda kimlərinsə vurulması ilə birinci şəxsin özünü sığortalamasından gedə bilər. Ancaq hazırda ölkədəki ab-hava dövlət başçısını buna getmək məcburiyyəti qarşısında qoymaq üçün kifayət deyil. Ölkənin ayrı-ayrı bölgələrində keçirilən lokal antibahalaşma tədbirləri ümumxalq etirazlarına çevrilsə, vəziyyətin dəyişəcəyini düşünmək olar. Hələlik həyat öz axarı ilə davam edir. Bir çoxları isə qiymətlərin artırılması barədə hələ ötən ilin dekabrında göstəriş verən İ.Əliyevin Bakıya qayıdaraq, Tarif Şurasının qərarına münasibət bildirməsini gözləyir.

2 yorum:

AKSİYA dedi ki...

Xalqin umidleri, hemisheki kimi boshuna getdi, öldü. Allah rehmet elesin

AKSİYA dedi ki...

bes deyirdiler umid sonuncu ölür?