26.02.2007

Bu gün Xocalı soyqırımının 15-ci ildönümüdür


Bu gün Xocalı soyqırımının 15-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anım mərasimləri, kütləvi aksiyalar keçirilir.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının köməyi ilə Xocalıya hücuma keçərək, günahsız insanları qətliam edib. Mayor Seyran Ohanyanın (hazırda separatçı Dağlıq Qarabaq rejiminin “müdafiə naziri”dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonunun, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikin iştirakı ilə törədilən soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, gözləri çıxarılıb, başları kəsilib, hamilə qadınların qarınları süngü ilə deşilib, 8 ailə tamam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (onlardan 76-sı uşaqdır), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan dəyib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib.

Hiç yorum yok: