30.03.2007

«Miq-29» əməliyyatı


Fuad Cəfərov


Ötən həftə külli Azərbaycan bəh-bəh ilə belə bir xəbər aldı ki, bəs nəhayət ki, yarandığı gündən ilk dəfə olaraq Silahlı Qüvvələrimiz yeni alınmış «Miq-29» təyyarələrini nümayiş etdirdi. Hətta, Müdafiə Nazirliyinin (MN) Hava Hücumundan Müdafiə (HHM) və Hərbi Hava
Qüvvələrinin (HHQ) Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi aerodromunda həmən təyyarələrin uçmasını da xalqımıza göstərdilər.
Adını da qoyublar ki, guya biz çoooox təzə qırıcı təyyarələr almışıq.
Elə düşünürəm ki, ölkəmizin müdafiə qabilyyətinin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş hərbi texnikanın hansı yüksək keyfiyyətlərə, üstünlüklərə malik olması , hər birimizi düşündürən məsələdir. Məhz buna görə də, qərara aldım ki, bu «şok, təzə xəbər» barəsində ictimaiyyətə bir balaca məlumat verim.
Xalqımız yəqin ki, hələ unutmayıb ki, bir müddət bundan əvvəl də «şanlı sərkərdə» Səfər Əbiyevin alverçi biznesmenləri Ukraynadan ordumuz üçün «yeni hərbi texnika» almışdı. Özü də elə «yeni texnika» ki, hətta onu qonşumuz olan Gürcüstanın, eləcə də uzaq Afrikanın Uqanda dövləti də özlərinə götürməyi rəva bilməmişdilər. Ancaq, əlləri yalnız nəyi isə çırpışdırmağa öyrəşmiş MN-nin on illərlə oturuşmuş, harınlamış bəzi general və polkovnikləri həmən o üstü bəzək, altı isə təzək olan Piyadaların Döyüş Maşını-1-i alıb (BMP-1) Azərbaycana gətirdilər. Görün bizim MN-nin özünə arxayın olan həmin silah və sursat alverçiləri tutduqları mövqedə nə qədər arxayındırlar ki, ondan sonra da «NATO standartlı» ordumuz üçün bəzi-bəzi «təzə texnika»lar alıblar.
Martın 29-da Ukraynadan alınmış yeni «MİQ-29» markalı döyüş təyyarələri kimi bizə təqdim olunan qırıcılar da… əslində 1980-ci ilin
istehsalı olan təyyarələrdir. Nəzərə alsaq ki, bu gün 2007-ci ildir, 27 ilin öncənin buraxılışı olan təyyarə necə müasir ola bilər? Hələ öz «hərbi savadlarına» o qədər vurğun olan generallar heç utanmadan bildirirlər ki, guya bu təyyarələr NATO-nun arsenalında olan «F-16» və «Tornado»lardan da (?!) üstündürlər. Adamın Allahı olar, ay «parket generalları». Siz kimi aldadırsınız və ümumiyyətlə bu hərəkətlərinizlə nə demək istəyirsiniz?
Bir çox cəhətlərinə görə, az qala kosmik silahlara malik olan ətrafdakı dövlətlərdən niyə axı geridə qalmalıyıq. Bir də, Azərbaycanın həssas və kövrək geosiyasi məkanda yerləşməsini unutmaq nə dərəcədə düzgündür? Gördüyünüz kimi, suallar cavablardan qat-qat çoxdur.
Ermənistan isə çox sakitcə silahlanır. Özü də öz himayədarlarının birbaşa köməkliyi ilə. Elə bizim MN-də ermənilərin artıq hansı müasir silahlarının əldə etməsi haqqında çox ətraflı dosyelər var. Bundan əlavə, Rusiyanın Gümridə saxladığı 102-ci bazaya son vaxtlar gətirilən raket və digər ən müasir silahlara baxanda, vəziyyət tam çılpaqlığı ilə göz önünə gəlir.
Maraqlıdır ki, yerli telekanallarımız «müasir» «MİQ-29»larla bağlı elə pafosla danışdılar ki, adamı təəcüb götürməyə bilməz. Bu təyyarələr heç də tam qırıcı sayılmır. Onlardan daha çox hədəf vuran təyyarə kimi istifadə olunur.
Bu il Azərbaycanda hərbi məqsədlər üçün 1 milyarddan artıq vəsait ayrılıb. Özü də, hər addımda belə bir fikir səsləndirilir ki, guya biz ordumuzu müasirləşdiririk, onu NATO standartlarına uyğunlaşdırırıq.
Hələ hüquqi bazası formalaşdırılmayan (Hərbi nizamnamələr və digər rəhbəredici sənədlər nəzərdə tutulur-müəll.) Silahlı Qüvvələrdə hansı yeniləşmədən, inkişafdan söhbət gedə bilər?. Bir də nə vaxta qədər yalan-palandan ordunun əsgər və ya zabitlərin keçmiş sovet sistemindən fərqli sıra yerişinə görə «NATO standartlarına uyğunlaşması» haqqında nağıllarla yedizdirəcəksiniz?
MN-nin indiki uğursuz və döyüş görməyən, başı daha çox «döyüş əməliyyatlarına» (oxu- biznes fəaliyyətinə) qarışan təsadüfü generalları ilə biz heç vaxt Qarabağımızı geri ala bilməyəcəyik. Nə qədər ki, Səfər Əbiyevin başçılığı altında bax belə «müasir təyyarələr» və digər silah, sursat alacağıq, biz yerimizdə saymağa məhkumuq.
Ordumuzun daxilində olan çoxsaylı problem və məsələlərə təcili dövlət səviyyəsində müdaxilə tələb olunur. Özü də vaxt gözləmir. Sirr deyil ki, itirdiyimiz hər gün bizi müasir ordunu görmək imkanından, həmiçnin işğal altında olan torpaqlarımızdan uzaqlaşdırır.
Mən mülki sahələrdə öz vəzifələrindən sui-istifadə edərək şəxsi biznesini quranlarla işim yoxdur. Çünki, onların etdikləri, dövlətin təhlükəsizliyi üçün o qədər də təhlükəli deyil. Amma, ordunun müasir silahlarının olmaması, yaxud onların müasir tələblərə cavab verməməsi, artıq ÇOX TƏHLÜKƏLİDİR. Niyəsini isə, mənə elə gəlir ki, izah etməyə ehtiyac yoxdur.
Elə, bir misal göstərməklə, nə demək istədiyimi yəqin ki, biləcəksiniz.
Ötən aylarda, İran vertolyotlarının gəlib Astara Rayon İcra İcra Hakimiyyətinin binasının üstündə dövrə vurub geri qayıtması, sıradan bir məsələ deyildi. Düzdür, əvvəl səslərini çıxarmayan rəsmilər, xüsusən də generallar sonradan, başladılar ki, bəs, sən demə, doğurdan da İran vertolyotları Azərbaycan ərazisinə qeyri-qanuni girmişlərmiş. Fərz edək ki, «təsadüfən» birdən həmin vertolyotlar çaşıb bir təxribat hərəkəti edəydilər. Məsuliyyəti kim daşıyacaqdı?
Məndən demək, nəticə çıxartmaq isə məsuliyyətli şəxslərdən.

Hiç yorum yok: