19.04.2007

Müsavat prezident seçkilərini boykot etməyəcək

19.04.2007. “2008-ci ildə keçirilən prezident seçkiləri ilə bağlı indidən boykot tələbini irəli sürməyin heç bir perspektivi yoxdur. Seçkilərin qanuna uyğun keçirilməsini arzulayan partiyalar indiki mərhələdə seçki qanunvericiliyində dəyişikliklərin edilməsi, demokratik şəraitin yaradılması istiqamətində fəaliyyət göstərməlidirlər”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Müsavat boykot taktikasının əleyhinədir və partiya ölkədəki siyasi şəraitin dəyişməsi istiqamətində mübarizə aparacaq: “Xüsusilə də Avropa Şurası Parlament Assambleyasının sessiyasında 2008-ci ilin yanvarına kimi seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkili və İctimai Televiziya ilə bağlı tələblər bu istiqamətdə müsbət addımların olacağını göstərir. Həmin tələblər konkret olaraq hakimiyyətin qarşısına qoyulub”. Bu tələblərə hakimiyyətin müqavimət göstərdiyini bildirən A. Hacılı hesab edir ki, ölkə daxilindəki siyasi qüvvələr də eyni tələblə çıxış etsələr, o zaman müsbət nəticəyə nail olmaq mümkündür: “Komissiyaların tərkibi paritet əsaslarla formalaşmayacağı halda isə biz hazırkı komissiyaların tərkibində təmsil olunmaq niyyətində deyilik. Bizi bu məsələdə yalnış mövqe tutmaqda ittiham edən bəzi opponentlərimiz onu da bilməlidirlər ki, seçki komissiyaları ilə bağlı məsələnin beynəlxalq təşkilatların gündəminə gəlməsinə səbəb məhz Müsavatın komissiyaların tərkibində iştirakdan imtina ilə bağlı qərarı olub”.

Hiç yorum yok: