19.04.2007

Sabah Əli İnsanova hökm oxunacaq


19.04.2007. Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə sabiq səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərə hökm oxunacaq.
APA-nın məlumatına görə, məhkəmə prosesində Ə. İnsanovla bərabər təqsirləndirilən şəxslər Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov, həmin şöbənin əməkdaşları Eldar Rzayev, Hacı Əliyev, Şövqi Cəfərov, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri Aleksandr Umnyaşkin, nazirliyin büdcədənkənar tibbi xidmət şöbəsinin sabiq müdiri Vəkil Abbasov, nazirliyin digər əməkdaşları Fəxrəddin Abbasov, Pərviz Kazımov, Anar Namazov və Fuad Mahmudovun işinə baxılır. Sabiq nazirdən başqa, təqsirləndirilən digər şəxslərin hamısı zamindədir. Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş kimi tanınıb. Dövlət ittihamını prokurorlar Kamran Əliyev və Çingiz Şükürov müdafiə edir.
Qeyd edək ki, Ə. İnsanovun barəsində CM-in 220-ci (kütləvi iğtişaş) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə bağlı başlanmış cinayət işi ayrılaraq başqa icraatda davam etdirilir.

Hiç yorum yok: