4.04.2007

Türkiyə və Azərbaycan arasında xəritə qalmaqalı baş verə bilər


04.04.2007. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan və içərisində türk cümhuriyyətlərinin dövlət himnlərinin yazıldığı CD bu ölkənin Bakıdakı səfirliyinin etirazına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, səfirlik diskin üzərində təsvir olunmuş xəritədə Naxçıvan Muxtar Respublikasının, işğal olunmuş Dağlıq Qarabağın, Kəlbəcər və Laçın rayonlarının Ermənistan ərazisi kimi göstərilməsinə etiraz edərək, xəritənin dəyişdirilməsini istəyib. Səfirliyin bununla bağlı fevralın 21-də Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyi məktubda deyilir: “Türk cümhuriyyətlərinin milli marşları CD-si üzərindəki xəritədə Naxçıvan Muxtar Respublikasının və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın, Laçın və Kəlbəcərin Azərbaycan torpaqları kimi göstərilməməsi ciddi yanlışlıqdır. Bu CD-lərin paylanması Azərbaycanın ərazi bütövlüyünün ölkəmiz tərəfindən tanınmaması mənasında qiymətləndirilə, bu durum iki qardaş ölkə arasında ciddi diplomatik narahatlıq doğura bilər”. Səfirliyin mədəniyyət və tanıtma üzrə müşaviri Fəthi Gədikli Türkiyə mətbuatına açıqlamasında diskləri Azərbaycanda paylamadıqlarını bildirib. O qeyd edib ki, xəritəni hazırlayanlar yəqin onu internetdən götürüblər və fərqinə varmadan çap ediblər: “Diqqətsizlik səbəbi ilə belə bir xətaya yol verildiyini düşünürəm”. F. Gədikli APA-ya açıqlamasında da eyni fikirləri təkrarlayıb. Xəritənin coğrafi xəritə olmadığını vurğulayan diplomat məsələ ilə bağlı lazımi addımları atdıqlarını, nazirliyin hər hansı tədbir görüb-görməməsindən isə hələlik xəbərsiz olduğunu deyib. Xəritəni hazırlayan Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər İdarəsinin müdiri Bayram Bilgə Tokər isə xəritənin çox kiçik qrafik təsvirdən ibarət olduğunu və ərazilərin coğrafi sərhədlərinin göstərilmədiyini söyləyib: “Qrafik təsviri hazırlayan şəxs erməni deyil. Əksinə, millətçi baxışları ilə tanınan bir dostumuzdur. Lazım olsa, xəritəni dəyişdirə bilərik”. Qeyd edək ki, məlum disklər Türkiyənin türk cümhuriyyətlərindəki səfirliklərinə, həmçinin türk cümhuriyyətlərinin Ankaradakı səfirliklərinə göndərilib. Türkiyədə yaşayan azərbaycanlılar da diskin üzərindəki xəritədə yol verilən yanlışlığa etirazlarını bildiriblər.

Hiç yorum yok: